Məhkəmə qərarları › İş №3(125)-3706/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3706/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3706/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və raportdan müəyyən olunur ki, Şəxs 19 dekabr 2023-cü ildə saat 22:35 radələrində polis əməkdaşlarına tabe olmayaraq ucadan səs-küy salıb, ətrafda olan insanların diqqətini özünə cəlb edib polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 19 dekabr 2023-cü il tarixdə saat 22:35 radələrində ailə münaqişəsi zamanı spirtli içkinin təsiri altında əlində kəsici-deşici alətlə Şəxs ailə üzvləri ilə dalaşarkən ətrafda olan vətəndaşları uca səslə səsləyərək diqqəti özünə cəlb etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları Şəxs məcburi halda Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-nə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, həmin gün içkili olub evdə səs-küy salaraq ailə üzvləri ilə dava eləmiş və PPXT-nin əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Sonda o, əməlindən peşman olduğunu ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis serjantı X3 izahat verərək bildirmişdir ki, 19 dekabr 2023-cü il tarixdə saat 22:35 radələrində xidmətdə olarkən spirtli içkinin təsiri altında,əlində kəsici-deşici alətlə Şəxs ailəsi ilə münaqişə yaradaraq səs küy salmaqla yanaşı uca səslə səsləyərək nəlayiq ifadələrlə diqqəti özünə cəlb etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra məcburi halda vətəndaş Şəxs Gəncə şəhər 3-cü PB-nə təhvil vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: xx.xx.2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolundan görünür ki, Şəxsn orta dərəcəli alkoqollu sərxoş olmuşdur. Şəxs barəsində tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ucadan, nalayiq ifadələr işlədən zaman ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir. Ona görə də barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Şəxs 19 dekabr 2023-cü tarixdə, inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və şahidin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs əməlini sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alınır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, törədilməsi üsulunu (kəsic-deşici alətdən istifadə etməsini, sərxoş halda törədilməsini) nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar