Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-374/2022 30.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İX Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İX Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 342.5-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 15 iyun 2022-ci il tarixdə saat 01:30da “MERCEDES BENZ E430” minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1992-ci ildə ünvan 2 ünvanında yaşayan Şəxs tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istifadə ediməsinə görə, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı hallarına yol verilmişdir. Məhkəmə iclasında iştirak edən İX Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X2 bildirdi ki, Şəxs Azərbaycan Respubliaksı İXM-in 332.1, 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində haqlı olaraq həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olunduğu gün o, “MERCEDES BENZ E430” minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin yerində olarkən YPX-nin əməkdaşı tərəfindən avtonəqliyyat vasitəsi saxlanılmış, yoxlama zamanı YPX əməkdaşı sürücüdən içkili olub-olmamasını soruşmuş, o isə içkili olmadığını bildirmişdir. Sürücü stasionar postun inzibati binasına dəvət edilib onunla söhbət aparılarkən o sürücü yerinə keçərək avtomobili sürücülük hüququ olmadan idarə etmiş, həmin avtomobillə avtomobilin stasionar postda saxlanılması zamanı onlarla eyni maşında olmuş, hamilə vəziyyətdə olan həyat yoldaşını evə çatdırmışdır. Evdə olan zaman ailənin digər üzvlərinin məclis qurduqlarını görmüş, onlarla spirtli içki qəbul etmişdir. Sonra o, avtomobilin postda saxlanması zamanı sükan arxasında olan dostunun harada olması ilə maraqlanmışdır. Bu dostunun sərxoşluq hallarının müayinəsinə aparıldığını öyrənmiş və nəqliyyat vasitəsini evdə qoyaraq müayinə yerinə getmişdir. Müayinə yerində olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən müayinəyə dəvət edilmişdir. Yol patrul xidmətinin əməkdaşı bunu onun da sərxoş vəziyyətdə avtomobil idarə etməsi şübhəsi ilə əsaslandırmışdır. O sərxoşluğun müəyyən edilməsinə dair yoxlanışdan keçdikdən sonra onun spirtli içkidən istifadə etməsi aşkar olunmuşdur. Yekunda barəsində icraat aparılan şəxs bildirdi ki, o spirtli içki qəbul etdikdən onra avtonəqliyyat vasitəsi idarə etməmiş, spirtli içkini nəqliyyat vasitəsini tərk etdikdən sonra məntəqəyə gəlmədən öncə içmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İX Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 15 iyun 2022-ci il tarixli 1405/2022 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Bu faktı şəxs barəsində tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında da öz qeydi ilə tədiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd CD-ə baxış keçirilməsi zamanı onun içində 4 ədəd videofayl aşkar edildi. 06933_********************_0004A nömrəli videofayla baxış keçirilməsi zamanı müəyyən edildi ki, həmin videoda yol patrul xidməti əməkdaşının barəsində icraat aparılan şəxsə hüququ olmadığı və spirtli içki qəbul etdiyi halda nə üçün avtonəqliyyat vasitəsini sürüb aparmasını soruşmuş, o isə öz növbəsində sərxoş vəziyyətdə sükan arxasında aşkar edilmədiyini bildirərək bu faktı inkar etmişdir. 06933_********************_0011A nömrəli videofayla baxış keçirilməsi zamanı müəyyən edildi ki, həmin videoda yol patrul xidməti əməkdaşı barəsində icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edib onu sərxoşluq müayinəsindən keçirilməsini təmin edir. Nəticədə Şəxs yüngül dərəcədə sərxoş olması müəyyən edilir. 06933_********************_0011A nömrəli videofayla baxış keçirilməsi zamanı müəyyən edildi ki, həmin videoda yol patrul xidməti əməkdaşı barəsində icraat aparılan şəxslə maşında yol boyu söhbət aparır, ona təkrar olaraq bildirir ki, hüququ olmadığı və spirtli içki qəbul etdiyi halda avtonəqliyyat vasitəsini sürüb aparmaq yolverilməzdir. O isə öz növbəsində təkrarən sərxoş vəziyyətdə sükan arxasında aşkar edilmədiyini bildirərək bu faktı inkar edir. VİD_20220730_184517 nömrəli videofayla baxış keçirilməsi zamanı müəyyən edildi ki, həmin videoda arxası müşahidə kamerasına tərəf olan, bədən quruluşuna görə Şəxs bənzəyən şəxs, nömrəsi videofayldan aydın olmayan Mercedes markalı maşına əyləşərək uzaqlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xətanın törədilib törədilməməsi sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati xəta üzrə məsuliyyət müəyyən edilir. Göründüyü kimi, maddənin dispozisiyasına əsasən həmin maddədə göstərilən məsuliyyətin yaranması üçün şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmalı, və o bu hüququ alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə həyata keçirməlidir. İş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Şəxs “MERCEDES BENZ E430” minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ (müvafiq etibarnamə) yoxdur, bilavasitə barəsində icraat aparılan şəxs-Şəxs sərxoş halda sükan arxasında aşkar edilməmiş, müayinə məntəqəsinə isə dostunun orada olmasını bilib onunla maraqlanmaq üçün getmiş və bu zaman polis əməkdaşları onu əsassız yerə sorğu sual edib tibbi müayinədən keçirməyə məruz qoymuşlar. Bu zaman isə o, buna etiraz etməyərək müayinədə iştirak etmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən belə qənaətə gəlir ki, aparılmış müayinə nəticəsində sərxoşluq halının müəyyən edilməsi spirtli içkinin hansı şəraitdə, nə vaxt (bilavasitə qəbul edildikdən sonra avtomaşın idarə edilməsi faktı) qəbul edilməsini təsdiq etmədiyinə görə məhkəmə əməldə inzibati xəta tərkibinin yaranması üçün dispoziyada müəyyən edilmiş şərtlərin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolda göstərilmiş digər iki inzibati xətaya münasibətdə məhkəmə bildirir ki, protokolda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin digər iki maddəsi (332.1 və 342.5) Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.8-ci bəndinə əsasən baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətalara baxılma səlahiyyəti müxtəlif orqanlara aid olsa da onlar barəsində vahid protokol tərtib edilmişdir. Bu baxımdan, məhkəmə İXP4700306 saylı protokolu 333.1-ci maddəyə aid hissədə əsassız hesab edir, həmin hissədə protokolu ləğv edərək inzibati xəta haqqında icraata xitam verir, digər iki xətaya hüquqi qiymət verilməsi üçün protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X4i Şöbəsinə geri qaytarılmasını zəruri hesab edir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən Şəxs barəsində İXM-nin 333.1-ci maddəsinə aid hissədə inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.5-ci maddələrində müəyyən olunan tənbeh tədbiri məsələlərinə baxılması üçün xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X4i Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə aid hissədə inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.5-ci maddələrində müəyyən olunan tənbeh tədbiri məsələlərinə baxılması üçün xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X4i Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-374/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-374/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver