Məhkəmə qərarları › İş №3(125)-3767/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3767/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3767/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, X7 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi baş direktor Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə saat 14:43-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı “texnik köməkçi” vəzifəsinə təyin edilmiş X1 praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edildiyindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbayan Respublikası Səhiyyə Nazirliyi X3nin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi X6 tərəfindən İXM-in 215.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə yol verilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasının aşağı həddində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” Publik hüquqi şəxsinin 16 sentyabr 2025-ci il tarixli, 3-28-1/3-2-1068/2025 nömrəli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-yə məxsus olan özəl tibb müəssisəsinin fəaliyyətinin plandankənar yoxlanılması qərara alınmışdır. 16 sentyabr 2025-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-yə məxsus olan özəl tibb müəssisəsində plandankənar yoxlamanın aparılması qeydə alınmışdır. Qeydiyyat xx.xx.2025-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin baş direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş “Yoxlama suallarının Siyahısı”ndan görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64 ünvanında yerləşən tibb müəssisəsində aparılacaq plandankənar yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli T-334 nömrəli aktdan görünür ki, 19 sentyabr 2025-ci il tarixdə saat 11:55-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan “texnik köməkçi” vəzifəsinə təyin edilmiş X2 praktik tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, O, həkim ilmayanda rentgenoloji çəkilişləri icra etdiyini etiraf etmişdir. İXM-nin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi, yəni qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibb fəaliyyətinə buraxılmasına görə tərtib edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “özəl tibb müəssisəsinin plandankənar (növbədənkənar) yoxlama” Aktı, X2 iş materiallarında olan etirafedici izahatını (həkim olmayanda rentgenoloji çəkilişlər etməsinə dair) və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, X2 iş materiallarında olan etirafedici izahatını (həkim olmayanda rentgenoloji çəkilişlər etməsinə dair), sözügedən əməlin məhz Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi İXM-in 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (VÖEN: **********, hüquqi ünvanı- ünvan 1spekti 64) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar