Məhkəmə qərarları › İş №3(125)-3769/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3769/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3769/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkumluğu olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon, İnəkboğan kəndində yaşayan, X9 məxsus 100 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov pr.ev 285-də yaşayan X10 məxsus 100 manat, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 9-cu küçədə yaşayan, X2 məxsus 100 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Sadıllı qəsəbəsi 12-ci küç. ev 30-da yaşayan, X11 məxsus 50 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 3 mik. bina 16, mənzil 33-də yaşayan X12 məxsus 100 manat, xx.xx.2023-cü il tarixdə Goranboy rayon, Qazançı kəndində yaşayan X6 məxsus 100 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 3 mik. bina 20, mənzil 1-də yaşayan X13 məxsus 100 manat pulunu mənimsəyərək dələduzluq əməllərini törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023ci il tarixli, MN 1838953, xx.xx.2023-cü il tarixli, MN 1838967, xx.xx.2023-cü il tarixli, MN 1838951, xx.xx.2023-cü il tarixli, MN 1838952, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1838955, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X14 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs haqqında yeddi müxtəlif dələduzluq faktı ilə bağlı protokollar tərtib olunmuşdur. Şəxs vətəndaşları aldadıb, etibarlarından sui-istifadə edərək, yalan vədlərlə onların pul vəsaitlərini ələ keçirib mənimsəmişdir. Şəxs axtarışla tutularaq gətirilmiş, törətdiyi əməlləri etiraf etmiş, həmin əməllərdə cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini səmimi etiraf edərək bildirdi ki, o, barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri maddi ehtiyac üzündən etdiyini və himayəsində 6 azyaşlı uşağının olduğunu qeyd edərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 24 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət xəstəxanasında həkimə vermək adı ilə X7 100 manat pul alıb dələduzluq etməsinə dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 23 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, X1 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Dubay bazarından sərnişin qismində avtomobilinə mindirdiyi və Şəxs Gəncə şəhəri, H.Əliyev prospektində 100 manat pul vermiş, o, isə vədinə əməl etməyərək pulu qaytarmamışdır. Şəxs dələduzluq etməsinə dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 21 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Gədəbəy rayonu İnəkboğan kəndində yaşayan X8 etibarından istifadə edərək 100 manat pulunu dələduzluq yolu ilə alınmasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 21 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs X11 qarşı dələduzluq edərək 50 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 19 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə Şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Güllər marketin arxasında X12 yaxınlaşaraq toya getdiyi üçün xırdalamaq adı ilə 100 manatlıq bütöv pulu almış, lakin vədinə əməl etməmişdir. Pulun almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 28 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünü qohumu kimi tanıdaraq X3 100 manat almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 28 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 24 saylı orta məktəbin qarşısında naməlum şəxs X13 yaxınlaşaraq onu tanıdığını və pul lazım olduğunu bildirmiş, sonuncudan 100 manat alaraq qaytaracağı vədi ilə aldadıb 100 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа” hаqqındа xx.xx.2023-cü il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20-də inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materiallarda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-ci il tarixli, MN 1838953, xx.xx.2023-cü il tarixli, MN 1838967, xx.xx.2023-cü il tarixli, MN 1838951, xx.xx.2023-cü il tarixli, MN 1838952, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1838955, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İXM-in 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İXM-in 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməli etiraf etməsi, himayəsində 6 azyaşlı uşağın olması və səmimi peşmançılığıdır. Eyni zamada məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını (İXM 32.1.1-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İXM-in 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər protokol üzrə ayrı-ayrılıqda, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddəti inzibati qaydada tutulduğu xx.xx.2023-cü il saat 17:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:20 dəqiqədən hesablansın Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar