Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3782/2025 02.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Təcrübə zavod A/STR 3-mər, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3037/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün bildiriş verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə borclu Şəxs icra sənədi üzrə 3980 manat borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədi üzrə borcludan dəfələrlə borcun ödənilməsi tələb edilmiş, lakin borc tam ödənilmədiyindən barəsində axtarış qərarı qəbul olunmuşdur. Borclu polis əməkdaşlarının müşayiəti ilə məhkəməyə gətirilmişdir. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Bugünkü tarixə borclu Şəxs icra sənədi üzrə 3980 manat borcu yaranmışdır. Bundan əvvəl də borclu barəsində eyni maddə ilə protokol tərtib olunaraq məhkəməyə verilmiş, lakin iş üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu hər ay 200 manat ödəyəcəyinə söz versə də, cəmi 80 manat ödəniş etmişdir. Borclu barəsində “Elektron İcra” İnformasiya sistemi vasitəsilə sorğular edilmiş, adına daşınar və ya daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclası dövründə tələbkarla razılıq əsasında borclu tərəfindən 200 manat ödəniş edilmiş, borclunun icra sənədi üzrə 3780 manat borcu qalmışdır. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, tələbkarla telefon vasitəsilə əlaqə saxlamış, o, borclu tərəfindən hazırkı iş üzrə 200 manat və bundan sonra hər ay 200 manat məbləğ ödəniş ediləcəyi halda icraata xitam verilməsini xahiş etmişdir, belə ki, hazırda borclunun icra sənədi üzrə borcu 3780 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra məmurunun çağırışlarından xəbəri olmamışdır, heç icra məmurunun onda nömrəsi yoxdur. Böyrək xəstəliyindən əziyyət çəkir. Bugünədək icra sənədi üzrə 500-600 manat ödəniş etmişdir, bunu təsdiq edən ödəniş qəbzləri evdədir. Şənlik evində ofisiant işləyir. Məhkəmə iclası dövründə 200 manat ödəniş etmişdir, bundan sonra icra sənədi üzrə hər ay 200 manat ödəniş etməyə razıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ilə telefon vasitəsilə əlaqə saxlanıldı, o izahatında bildirdi ki, borclu həmişə onu borcunu ödəcəyini bildirərək aldadır, borclunun məhkəmə iclası dövründə 200 manat ödəməsinə görə hazırkı iş üzrə icraata xitam verilməsini, borclu icra sənədi üzrə hər ay 200 manat məbləğində ödəmədiyi təqdirdə onun barəsində məcburi icra tədbirləri görülməsini xahiş edir. İş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-3037/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. -xx.xx.2024-cü il tarixli icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 (on) gün müddətində vaxt verilmiş, həmin bildiriş borclu Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqların sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmiş, həmin xəbərdarlıqlar borclu Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi yoxdur, icra sənədi üzrə həmin günədək cəmi 150 manat ödəniş etmişdir, icra sənədi üzrə borcunu yavaş-yavaş ödəyəcək. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətləri kağızları və ya əmanəti yoxdur. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-432/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclu Şəxs yaşadığı ünvan 1 ünvanda yaşamaması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş, axtarış qərarının icrası Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli 1 ədəd, xx.xx.2025-ci il tarixli 2 ədəd və xx.xx.2025-ci il tarixli 2 ədəd ödəniş qəbzlərindən görünür ki, müvafiq olaraq Q***** L***** Ş***** qızı adlı şəxsin 416973******6453 nömrəli və X2 523915******4048 nömrəli kart hesablarına 30 manat, 40 manat, 10 manat, 100 manat və 100 manat olmaqla ödənişlər edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədi üzrə yaranmış borcu tam ödəməyə imkanı yoxdur, borcunu azaz ödəyə bilər. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3782/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3782/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver