Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3783/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Ələkbər bəy Rəfibəyli küçəsi dalan 6, ev 11, mənzil 53-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3207/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4300 manat məbləğində pul vəsaiti tutularaq X1nun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatımıza daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü - -təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2021-ci il tarixli ərizəsində icra sənədi üzrə borcu hissə-hissə ödəməyə imkanı çatdığını bildirmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-254/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.xx.xx.2022-ci il tarixdə borclu və tələbkar idarəyə dəvət edilmiş, X1 borclu hər ayı 150 manat məbləğində ödəniş edilməklə borclu ilə razılığa gəlindiyini bildirmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. X1 mobil telefon vasitəsi ilə borclunun razılaşma üzrə ödənişlərini gecikdirdiyini bildirmiş, həmçinin xx.xx.2024-cü il tarixli ərizəsində icra sənədi üzrə 2500 manat qalıq borcun mövcud olduğunu bildirirərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatında 2500 manat məbləğində qalıq borcu hər ay yalnız 150 manat ödəməklə bağlamağa imkanı olduğunu bildirmişdir. Hazırda borclunun 1900 manat borcu vardır. Son 6 ay ərzində heç bir ödəniş etməmişdir. Belə ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu pulun ödənilməsi üçün vaxt istəmiş lakin borcunu ödəməmişdir. Bu barədə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Həmin zaman zərərçəkmiş şəxsə 200 manat ödəniş edilmiş, zərərçəkmiş şəxs də hissə-hissə ödənilməsinə razılıq verdiyi üçün məhkəmə işə xitam vermişdir. Həmin vaxtdan bugünə kim, borclu borcundan heç bir ödəniş etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, məcburi qaydada icra idarəsinə gətirilmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu ödəməyə maddi imkanı yoxdur. İmkanı olduğu təqdirdə borcunu ödəyəcəkdir. Sonuncu dəfə 6 ay əvvəl ödəniş etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, o 3 ildən artıq müddətdir ki, borcunu ala bilmir. İnzibati xəta haqqında icraat aparılan Şəxs hər dəfə ödəniş edəcəyinə yalandan söz versə də daha sonra heç bir ödəniş etmir. Ona görə də onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3207/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4300 manat məbləğində pul vəsaiti tutularaq X1nun xeyrinə ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3207/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş qərardan görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə məcburi gətirilmə barədə qərar elan edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, son 6 aydan bugünədək yaranmış borcdan heç bir ödəniş edilməmişdir. Məhkəmə iclası zamanı borclu borcunu ödəməsi üçün vaxt istəsə də həmin müddət ərzində borcunu ödəməmiş, məhkəmə iclasına gecikmiş və yalnız dəfələrlə zəng edildikdən sonra borclu Şəxs məhkəmə iclasında gəlmiş, icra sənədini icra etmək üçün işləmək imkanı olduğu halda işləməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3783/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3783/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver