Məhkəmə qərarları › İş №3(125)-3786/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3786/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3786/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Böyük Şor qəsəbəsi, Daş Karxanası ərazisində yerləşən ünvansız fərdi yaşayış evində kirayə yaşayan Şəxs (Finxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-in polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Gəncə şəhəri, Hərbi şəhərcik 38 ünvanında yerləşən yaşadığı evin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində arvadı X2 əlindən sıxaraq itələməklə qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 Sakit İbadət oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, 2023cü ilin mart ayından oğlu Həsənov Tural ilə Bakı şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə arvadı X4 doğum gününü qeyd etmək üçün Gəncə şəhərinə gələrək qayınatasının evinə getmiş və arvadının doğum gününü qeyd etməyə başlamışlar. Bu zaman arvadı X8 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunun sol əlindən sıxaraq itələməklə fiziki ağrı yetirmiş və bu səbəbdən Lamiyə polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əməlindən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. O, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X7 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 1621 saylı rəyindən məlum olur ki, vətəndaş X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– hər iki bud nahiyələrinin və sol əlin İİİ-İV barmağının qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və iş materialındakı digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxslə mübahisə edib onun sol əlindən sıxaraq itələməklə ona qəsdən fiziki ağrı yetirdiyini etiraf etmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdıran halların olmamasını, onun təqsirinin dərəcəsini və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alıb, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar