Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3797/2023 27.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X6, zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri İcra idarəsinin böyük icra məmuru X8 tərəfindən tərtib olunmuş 27 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 3819/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə qalan 694.390.83 manat pul vasitəni ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3819/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 730363,62 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icranın könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, xx.xx.2018-ci il tarixdə isə xəbərdarlıq məktubu göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak və gəlir vəziyyətinə dair sorğular edilmiş və pensiya aldığı məlum olunmuşdur. Tələbin borclunun pensiyasına yönəldilməsinə dair xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə təqdimat verilmiş, lakin həmin məhkəmənin 8(044)-126/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən təqdimat təmin edilməmişdir."xxxx" SKT xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət edərək, yaranmış borcun borclunun pensiyasına yönəldilməsini xahiş etmişdir. Odur ki, hər ay borclunun pensiyasının 50%-i həcmində tutqu aparılaraq tələbkarın hesabına ödənilir. Borclu Şəxs xx.xx.2023-cü il tarixli izahatında maddi vəziyyəti ilə bağlı borcu bir dəfəyə ödəyə bilmədiyini bildirmişdir. Bu günə olan borcu 694,390,83 manat təşkil edir. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X5 bildirmişdir ki, borcun məbləğinin çox olmasını nəzərə alınaraq borclunun pensiyasından ən azı 70%-i həcmində tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 bildirmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3819/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs 730363,62 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq, tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə İcra İdarəsindən DSMF-nin Gəncə şəhər Nizami rayon Şöbəsinə borcun ödənilməsi ilə bağlı borclunun pensiyasından 50%-in tutulmasına dair məktub göndərilmiş və hal-hazırda pensiyadan hər ay 50%-i yəni, 164 manat tələbkarın hesabına ödənilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 bildirmişdir ki, Şəxs adına şəhərin abadlaşdırılması üçün kredit götürülmüşdür. O, borcun ödənilməsindən boyun qaçırmır, səhhətində ciddi problemlər var, borcundan qalan məbləği dərmanları üçün xərcləyir. Sonda Şəxs pensiyasından 70%i həcmində tutulmasına razı olduqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-3819/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki tərəflər öz aralarında razılığa gəlmişlər. Belə ki, məhkəmə iclasında tərtib olunmuş zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında əldə edilmiş razılığa əsəsən tələbin borclunun əmək pensiyasının 70% hissəsinə yönəldilməklə hissəvi şəkildə tutulması ilə bağlı akt tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 27 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3797/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3797/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver