Məhkəmə qərarları › İş №3(125)-3827/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3827/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3827/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 nümayəndəsi, baş məsləhətçi-baş əmək müfəttişi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 rəisi X10 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 (üç min) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o vəzifəli şəxs kimi 3000 manat cərimə edilmişdir. Onun adına VÖEN olduğu göstərilsə də onun adına əvvəllər VÖEN olmuş sonra isə həmin VÖEN-i bağlatdırmışdır. O, heç bir işi bilməyən şəxsi işə götürə bilməz. Şəxsin özü də bildirmişdir ki, 2 həftə öncə işi öyrənmək üçün onun yanına gəlmişdir. Belə olan halda onun vəzifəli şəxs kimi barəsində çıxarılan inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Odur ki, barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X4 xx.xx.2024-cü il tarixli, MN ******* seriya və nömrəli “İnzibati tənbeh vermə haqqında Qərarı"ın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X13 şikayətin məzmununa uyğun izahat verərək, bildirdi ki, Nuru atası tərəfindən işi öyrənmək üçün onun yanına göndərilmişdir. Onun Nuruya pul verməyinin səbəbi hər hansı işi görməsi deyil, sadəcə hər gün yol pulu və evdən yemək gətirməməsi olmuşdur. Nuru sadəcə ona açarları vermişdir. Onun üçün hər hansı iş görməmişdir. Ona görə də şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 rəisi X10 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 nümayəndəsi, baş məsləhətçi-baş əmək müfəttişi X17 məhkəməyə izahat verərək bildirdi ki, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Buna görə X13 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə Şahid2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X6 yanında işi öyrənmək üçün atası tərəfindən göndərilmişdir. O səhər saat 9 və ya 10-dan 6 ya kimi işdə olmuşdur. X11 ona gündəlik 5 manat pul vermişdir. O sadəcə açarlardan istifadəni öyrənmiş və Elmir usta ondan açarları istəyəndə ona vermişdir. Onun üçün başqa hər hansı bir iş görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X13 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Şahid1 (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələblərini pozaraq) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və o, 3000 (üç min) manat inzibati cərimə edilmişdir. İş materiallara əlavə edilmiş AR DİN Gəncə Şəhər BPİ-dən daxil olan məktubdan görünür ki, Gəncə şəhər 28 may küçəsində yerləşən “Slesar Turbo motorist” təmir sexində xx.xx.2006-cı il təvəllüdıü Şahid1 X13 tərəfindən əmək müqaviləsi olmadan əməyin istismar olunaraq işlədilməsi faktı müəyyən edilmişdir. İş materiallara əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X5 dəvət edilmişdir. İş materiallara əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X5 dəvət edilmişdir. İş materiallara əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 Gəncə şəhər Baş Polis İdarəsinə məktubundan görünür ki, Gəncə şəhər 28 may küçəsində yerləşən “Slesar Turbo motorist” təmir sexində xx.xx.2006-cı il təvəllüdıü Şahid1 X13 tərəfindən əmək müqaviləsi olmadan əməyin istismar olunaraq işlədilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası DİNdən daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 məktubuna cavab olaraq Şahid1 və X6 izahatları alınmış və göndərilmişdir. İş materiallara əlavə edilmiş “X16”-nin surətindən görünür ki, Şahid1 xx.xx.2006-cı ildə Gəncə şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş VÖEN ********** nömrəli VÖEN-dən görünür ki, X13 fərdi sahibkar olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, “Slesar Turbo motorist” təmir sexində fərdi sahibkar X13 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 rəisi X18 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 nümayəndəsinin məhkəməyə verdiyi izahatında qəbul edilmiş qararla bağlı mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, X13 ********** nömrəli VÖEN-lə fərdi sahibkar olmuş və barəsində tərtib olunan protokol onun iş faəliyyət ilə bağlı olduğundan haqlı olaraq vəzifəli şəxs hesab olunmuşdur. Eyni zamanda X2 Nuru Amid oğlunu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu hal onun özünün və şahidin ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 nümayəndəsi X9 izahatı və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə, işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilən mövqeyinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X7 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Gəncə- Daşkəsən Regional X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar