Məhkəmə qərarları › İş №3(125)-3830/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3830/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3830/2024 22.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşən Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5821/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000(yeddi min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 90(doxsan) manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşən Məmmədov bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5821/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000(yeddi min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 90(doxsan) manat dövlət rüsumu alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Şəxs halhazırda borcu 7090(yeddi min doxsan) manat təşkil edir. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünə ev tikdirmək üçün X3 borc almışdır. Tələbkar borcla bağlı məhkəməyə müraciət etmiş və onlar arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunmuşdur. O, iki il davamlı olaraq hər ay tələbkara 560(beş yüz altmış) manat borcundan ödəniş etmiş, lakin əlində bununla bağlı heç bir sübut olmadığı üçün borcundan ödəniş etdiyini sübut edə bilməmişdir. O, tələbkarla borcun hissə-hissə ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəldikləri vaxtlarda tələbkar rəhmətə getmiş və o, həmin vaxtlar işləmək üçün Bakı şəhərinə getmişdir. O, tələbkarın qardaşının onun vərəsəsi olduğunu bilməmişdir. O, hal-hazırda heç bir yerdə işləmir, onun səhhətində problemlər vardır, ailəsinə yeganə qazanc gətirən şəxsdir. O, borcunu hissə-hissə, hər ay 200(iki yüz) manat ödəməyə hazırdır. Sonda o, məhkəmədən barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X4 izahat verərək bildirmişdir ki, Şəxs tələbkarla borcun hissə-hissə ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmiş və həmin vaxt tələbkar rəhmətə getmişdir. Borclu borcunu ödəməkdən yayınmamışdır. Borcunu hissə-hissə ödəməyə hazırdır. Məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi,müdafiəçini və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -22 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 2(125)-5821/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000(yeddi min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 90(doxsan) manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 5821/2023-004 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıqlardan görünür ki, Şəxs borcunu ödəmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qayda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar