Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3835/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs (tələbkar) X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, İnşaatçılar küçəsi, ev 48A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə Şəxs icra sənədi üzrə 21352 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Şəxs aliment borcu 21352 manat təşkil edir. O, hazırda tələbkar ilə icra sənədinin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, aliment borcunu tam şəkildə ödəmiş, hazırda onun heç bir aliment borcu yoxdur. Hətta o, tələbkara aliment borcundan da artıq ödəniş etmişdir. Belə ki o, alimenti əlbəəl olaraq vermiş və tələbkardan etdiyi ödənişlərlə bağlı hər hansı qəbz almamışdır. Hazırda isə onun tələbkara aliment borcu olmadığı üçün ödəniş etməyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) X7 məhkəməyə bildirdi ki, borclu Şəxs qətnamənin icrasından qərəzli olaraq boyun qaçırır və öz hərəkətləri ilə aliment borcunu ödəməməkdə israrlı olduğunu aydın şəkildə göstərir. Belə ki, borclu ona aliment borcundan ödəniş etməmiş və hazırda Şəxs aliment borcu 21352 manat təşkil edir. O, hazırda borclu tərəfindən ona olan borcunun ödənilməsini, əks təqdirdə onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5147/2017 saylı mülki iş üzrə 31 iyul 2017-ci il tarixli qətnaməsi miqdarı artırılmış alimentin 03 iyul 2017-ci il tarixdən başlayaraq tutulması hissəsində dəyişdirilməsi, miqdarı artırılmaqla dəyişdirilmiş aylıq alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanması, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5147/2017 saylı mülki iş üzrə 31 iyul 2017-ci il tarixli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi – Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli 2(044)-5147/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, xx.xx.2017-ci il tarixdən başlayaraq, 10 avqust 2005-ci il tarixdə anadan olmuş X2 və 05 iyun 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136 (yüz otuz altı) manat, cəmi 272 (iki yüz yetmiş iki) manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəliri müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3368/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs qətnaməni icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla qətnamənin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. O cümlədən Şəxs məhkəmə iclasında alimenti tam şəkildə ödədiyini bildirsə də, amma alimentin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3835/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3835/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver