Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3836/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X6 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X18 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X18 bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, X5 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakları barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun adına heç bir dəyərli daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin, borclu Şəxs qeyd olunan icra sənədi üzrə tələbkara olan borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq, Şəxs borcunu tam ödəməmişdir. Sonuncu dəfə Şəxs xx.xx.2023-cü il tarixdə maddi imkanının aşağı olduğunu bildirmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Həmçinin, icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, yanaşı, iş üzrə göstərilən tələbi də icra etməkdən boyun qaçırmışdır. Bu günə borclu Şəxs ümumi borcu 1270 manat təşkil edir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, X5 ödənilməlidir. Valideyninə baxdığına görə aliment borcunu ödəyə bilməmişdir. Aliment borcunu gələcəkdə hissə-hissə ödəyə bilər. Belə ki, Qarabağ bölgəsində günəmuzd yük maşınının sürücüsü işləyir. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X13 izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməlidir. Borclu aliment borcundan 6 aydır ki, ödəniş etmir və aliment borcu yığılmışdır. Üstəlik alimenti tələb etdikdə borclu Şəxs onu söyüb təhqir edir, “hara şikayət edirsən get et”-deyir. Borclu Şəxs tərəfindən alimentin ona vaxtı-vaxtında ödənilməsini istəyir. Odur ki, aliment borcunun hamısının ödənilməsi, əks halda borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, X5 ödənilməlidir. İcra vərəqəsi üzrə icra məmuru tərəfindən icraata başlanılmış və borclunun izahatı alınmışdır. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. X2 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 manat aliment alınaraq ona ödənilməlidir. Bugünə qədər cəmi ona 3 aylıq aliment pulu və 150 manat aliment pulu verilmişdir. Bugünkü günə qalıq borcu 1050 manat təşkil edir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinin görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. 16 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X18, X8, hal şahidləri X19, X9 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1524/2023 saylı, 18 aprel 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra sənədində göstərilən ünvan 3 ünvanında olmuşlar. Ünvanda olarkən məlum olmuşdur ki, borclu Şəxs həmin ünvanda yaşamır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Anar İbrahimov tərəfindən qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. X1 Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 27 noyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 200 AZN aliment alınaraq ona verilməsi qət edilmişdir. Bugünkü günə ümumi aliment borcu 1250 manat təşkil edir. X1 Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 29 dekabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1524/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 200 AZN aliment alınaraq ona verilməsi qət edilmişdir. Borclu Şəxs ona olan borcunu hissə-hissə ödəməsinə razı deyildir. Bugünkü günə borcun tam şəkildə bağlanmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, aliment öhdəliyindən icra sənədində göstərilən qaydada və məbləğdə ödəniş edilmədiyindən icra sənədi üzrə cəmi 1270 manat məbləğində aliment borcu yaranmış, məhkəmə aktı tam olaraq icrası onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edər ki, borclu tərəfindən vaxtaşırı aliment borcundan ödəniş etməsinə baxmayaraq, aliment təyin edildiyi vaxtdan keçən uzun müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən məbləğdə əhəmiyyətli ödəniş edilməmiş, aliment borcu yığıldıqdan sonra cüzi məbləğdə ödəniş edilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyini göstərmişdir. Həmçinin icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 1270 manat məbləğində aliment borcu yığılmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamış və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Bu səbəbdən sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 29 dekabr 2023-cü il tаrixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 29 dekabr 2023-cü il tаrixdən, saat 15:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X17 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-3836/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3836/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver