Məhkəmə qərarları › İş №3(125)-3840/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3840/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3840/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin X2 Şöbəsindən daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyənetdi: Gəncə şəhəri BPİ-nin X2 X1 Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkət qayda pozuntusu törətdiyi üçün barəsində tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan EQ 27801166 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd edilən inzibati xəta Azərbaycan Respublikası İXM-nin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 29-cu fəslində deyil, “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə əleyhinə inzibati xətalar” adlanan 36-cı fəslində yer almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Şəxs təqsirli bilinərək inzibati qaydada cərimə edildiyi AR İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan əməl inzibati xətalar haqqında qanunvericiliyə əsasən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” hesab edilmədiyindən, onun həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar