Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3845/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, X7 katibliyi, Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X3, zərəçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmin protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Mərkəzi Univermağın yaxınlığında olan “Safiya” adlı gül salonun yaxınlığında bacısı X2 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X5 çıxışında protokolu təhqiqat bölməsinin qəbul etdiyi qərar əsasında tərtib etdiyini və protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, zərərçəkmiş şəxs X4 onun bacısıdır, və bacısı ilə şərikli gül dükanı açmışlar. Dükan iki aydır fəaliyyət göstərdiyindən qazanc olmamışdır. Bu səbəbdən o, bacısına qazanc verə bilməmiş, ona görə də onların arasında mübahisə yaranmışdır. O, ifadəsinin sonunda bildirmişdir ki, bacısı onu təhqir etmiş, pulunu istəmişdir, lakin o, bacısına xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəxs qardaşıdır, qardaşı ilə birgə şərikli mağaza açmış, bütün xərcləri öz üzərinə götürmüşdür. Bir müddət sonra onun haqq hesabda aldatdığını və mağazadan xeyir götürmədiyinə görə qardaşından pulunu geri istədikdə aralarında mübahisə yaranmış və bu zaman stolun üstündə olan qayçını götürüb arxası tərəfindən başına vuraraq ağzını əli ilə bağlamış, sonra “sən mənim əlimdə öləcəksən” deyə bildirmişdir. Bundan sonra qolundan tutub mağazanın arxa tərəfində obyekt sahibinin həyətinə aparmış və içəri girdikdə boynundan tutub yerə çırpmış, başını divara vurmuş, sonra ağzından köpük gəldiyini gördükdə bir anlıq dayanmış və təcili tibbi yardım çağırmasını soruşmuşdur. (Sonda mübahisə zamanı telefonun diktafon bölməsinə yazdığı səs yazısını dinlənilməsi üçün məhkəməyə təqdim etmişdir) İş materiallarına əlavə edilmiş: - 04 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2025-ci il tarixli 1018 saylı rəyindən məlum olur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ dirsək, sağ bud nahiyələrinin qançırları, sol dirsək nahiyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində üç azyaşlı uşaqların olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3845/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3845/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver