Məhkəmə qərarları › İş №3(125)-3849/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3849/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3849/2025 07.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Gəncə Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 oktyabr 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin ərazisində Şəxs narkotik vasitə istifadə etdiyi müəyyən edilməmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, nəqliyyat vasitəsinin narkotik vasitənin, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYPŞ-nin polis serjantı Məhəmməd Məmmədov xidmətdə olarkən Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində hərəkətdə olan Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlamışdır. Bu zaman Şəxs özünü şübhəli apardığı üçün Gəncə şəhəri Narkoloji Dispanserinə aparılmış, analiz zamanı Şəxs narkotik maddələrdən istifadə etdiyi aşkarlanmışdır. Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsində izahat vermiş, xx.xx.2025-ci il tarixdə, 18:05-də inzibati qaydada tutulmuşdur. Onun barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Sonda protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, xəstəliyi ilə əlaqədar tərkibində narkotik vasitələr olan dərman preparatları qəbul edir. Həmin gün oğlunun paltarını tikdirmək üçün avtomobillə dərziyə getmiş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, baş vermiş hadisə Gəncə şəhər X16 Şöbəsinin baş inspektoru, polis baş leytenantı X4 dediyi kimi olmuşdur. Sözügedən avtomobil anasının adınadır. Əvvəllər başqa bir şəxsi yaraladığı üçün barəsində hökm çıxmışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 izahat verərək bildirdi ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin qərarı təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hazırda iş Ali Məhkəmənin icraatındadır. Şəxs Vətən Müharibəsi iştirakçısıdır, o, müharibədə xəsarət almışdır, ona şəxsiyyətin davamlı pozuntusu diaqnozu qoyulmuşdur, bunu təsdiq edən sənədlər də var. Həmçinin ayağında qəlpə yaraları var. Şəxs bununla bağlı müalicələr alır, həmçinin xəstəliyi ilə əlaqədar Maştağada yerləşəm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə almışdır. Şəxs istifadə etdiyi dərman preparatlarının tərkibində preqabalin adlı maddə var. Bundan başqa Şəxs himayəsində iki azyaşlı uşağı var. O, sonda məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər X16 Şöbəsinin baş inspektoru, polis baş leytenantı X8 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində xidmətdə olarkən məlumat əsasında Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dövlət qeydiyyat nişanına müdaxilə etdiyi və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, məlum olmuşdur ki, Şəxs xəstəliyi ilə əlaqədar sürücülük hüququna xitam verilmişdir. Şəxs dediyinə görə onun əlilliyi olmuş, sonradan əlilliyi ləğv edilmişdir. Şəxs dediyinə görə o tərkibində narkotik vasitə olan dərman preparatlarından istifadə edir. Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxış və icbari sığortası da yoxdur. Protokol əsasında avtomobil duracağa yerləşdirilmişdir. Rəy alınması üçün Şəxs Gəncə şəhəri Narkoloji Dispanserinə aparılmış, onun narkotik vasitələrdən istifadə etdiyi aşkar olunmuşdur. Daha sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin inspektoru X2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində xidmətdə olarkən məlumat əsasında Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-ED- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dövlət qeydiyyat nişanına müdaxilə etdiyi və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, məlum olmuşdur ki, Şəxs avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur, həmçinin sürücülük hüququna xitam verilmişdir. Bundan başqa, avtomobilin üzərində həbs var. Protokol tərtib olunaraq duracağa yerləşdirilmiş, halsız olmasının səbəbi soruşulanda içərisində narkotik maddə olan dərman vasitələrindən istifadə etdiyini bildirmişdir. Şübhə əsasında rəy alınması üçün Şəxs Gəncə şəhəri Narkoloji Dispanserinə aparılmış, onun narkotik vasitələrdən istifadə etdiyi aşkar olunmuşdur. Daha sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-yə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1571 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 4171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində narkotik THC (marixuana) və PGB (preqabalin) aşkar edilmişdir. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2341/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Şəxs barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, Şəxs xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35- 60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-244/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2341/2025 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 1(125)-450/2024 nömrəli ittihamedici hökmü mövcuddur. - “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla, 80 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi, ekspertiza rəyi, şahid ifadələri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 333- 1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 06 oktyabr 2025-ci il tarixdən hesablanmalı, məcburi müalicəyə ehtiyacı olmadığı üçün barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Belə ki, “inzibati qaydada tutma” haqqında protokol iş materiallarına əlavə edilməsə də, məhkəmə iclasında tərəflərin izahatından aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında tutulmuşdur. Məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən halı - əməlini etiraf etməsini, Vətən Müharibəsi iştirakçısı olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar