Məhkəmə qərarları › İş №3(125)-3857/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3857/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3857/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 3000 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən ******* saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu günə borc 3000 manat təşkil edir. Şəxs sonuncu izahatında borcunu 200 saat ictimai işlər növündə cəza ilə borcunu ödədiyini bildirmişdir. Belə ki, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru izahatında bildirmişdir ki, DƏMX Gəncə regional ərazi şöbəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* saylı icra sənədinə əsasən Şəxs 3000 manat məbləğində cərimə edilmiş, borclu tələbi icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilərək Gəncə şəhər Məhkəməsinin qərarı ilə 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs inzibati tənbehi çəkdikdən sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə tərtib olunmuş protokol və Gəncə Şəhər Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən icraya yönəldilmişdir. Daha sonra borclu idarəyə dəvət edilərək izahatı alınmış və o, izahatında 200 saat ictimai işləri 3000 manat cərimənin əvəzinə çəkdiyini qeyd edərək borcu ödəməyəcəyini bildirmiş və bu səbəbdən də barəsində yenidən İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İfadəsinin sonunda qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi ifadəsində Şəxs 200 saat ictimai işlərə cəlb olunması ilə bağlı məlumatlı olmadığını, bu barədə Apellyasiya şikayəti verdikdən sonra idarəyə onun 200 saat ictimai işləri 3000 manat cərimənin əvəzinə çəkməsinin məlum olduğunu qeyd etmiş və Şəxs barəsində məcburi icra tədbirlərinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını çəkib bitirdiyinə görə ikinci dəfə barəsində protokolun tərtib edilməsini qanunsuz hesab edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialına əlavə edilmiş: - DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 tərəfindən tərtib olunmuş 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs qaqnunla müəyyən edilmiş müddətdə cəriməni ödəmədiyindən İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyindən DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı üzrə icraata xitam verilmişdir. - Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin M 883 saylı, xx.xx.2023-cü il tarixli məktubunadan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinəin 3(125)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş 200 (iki yüz) saat ictimai işlər növünü tam şəkildə yerinə yetirmişdir. - Həmin Gəncə Şəhər Məhkəməsinin 3(125)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 apellyasiya şikayəti vermişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Gəncə Şəhər Məhkəməsinin 3(125)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində tərtib edilmiş 01 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol ləğv olunmuşdur. - 16 may 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin dispozisyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta hesab olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən təyin edilmiş 3000 min manat cəriməni ödəmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə xx.xx.2023-cü il tarixdə işə baxılaraq 3(125)-1485/2023 saylı qərarı ilə 529.1-ci maddəsi ilə təqsirli bilinib ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından da məlum olur ki, Şəxs 200 (iki yüz) saat ictimai işlər növünü tam şəkildə yerinə yetirdikdən sonra Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Gəncə Şəhər Məhkəməsinin 3(125)-1485/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində tərtib edilmiş 01 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol ləğv olunmuşdur. Qeyd edilməlidir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 1485/2023 saylı qərarı ləğv olunsa belə faktiki olaraq olaraq barəsində icraat aparılan şəxs Şəxs qərar ləğv edilənə qədər barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbehi çəkib qutarmışdır. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində tətbiq edilmiş cərimə cəzasının ictimai iş cəzası ilə əvəz olunaraq onun ictimai işlər növündə tənbehi çəkib qutarması həmin inzibati xəta üzrə şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Bildirilməlidir ki, İXM –nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Şəxs barəsində eyni faktla bağlı həmçinin inzibati tənbehi çəkdikdən sonra ikinci dəfə eyni xəta ilə bağlı yenidən protokolun tərtib edilməsi barəsində icraat aparılan şəxsin hüquqlarının və qanunvericiliyin tələblərinin kobudcasına pozulması kimi qiymətləndirilməlidir. Həmçinin İXM-nin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə İXM-nin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bundan başqa bildirilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda sadalanan qanunvericliyin normalarına əsasən məhkəmə yekun olaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs həmin qərarı icra etməməyə görə İXM-nin 529.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130 və 145.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar