Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3867/2025 17.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞnin X10 Xidmət Bölüyünün yol nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakları ilə, Gəncə şəhər Baş Polis İdarəsi X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayət verərək barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edilmişdir. Protokolda və qərarda onun idarə etdiyi “Toyota Camry” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydasını pozduğu göstərilmişdir. Lakin bu protokol və qərar əsassızdır. Hadisə faktiki olaraq belə olmuşdur. O, avtomobili park yerindən çıxaran zaman hərəkətə başlamazdan öncə dayanaraq, dönmə siqnalı vermişdir. Buna baxmayaraq, arxadan gələn **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü sürətini azaltmamış və nəticədə onun maşınının sağ arxa hissəsinə çırpılmışdır. Həmin sürücü özü də yan tərəfə baxdığını və onun avtomobilini görmədiyini söyləmişdir. Yəni qəza onun tərəfindən qayda pozuntusu nəticəsində deyil, digər sürücünün diqqətsizliyi səbəbindən baş vermişdir. Bundan əlavə o, faktiki olaraq əks istiqamətli hərəkət zolağına çıxmamışdır. Əgər belə bir hal baş versəydi, polis əməkdaşları bunun videogörüntüsünü ona göstərə bilərdilər. Protokol və qərar tərtib edilərkən onun izahatı nəzərə alınmamışdır. Qərar qəbul edilərkən mövcud sübutların (əgər varsa) düzgün dəyərləndirildiyini düşünmür. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 23:30-da Gəncə şəhəri ərazisində mərkəzi kitabxananın qarşısında avtomobili park yerindən çıxaran zaman hərəkətə başlamazdan öncə dayanaraq, dönmə siqnalı vermişdir. Buna baxmayaraq, arxadan gələn “Niva” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü sürətini azaltmamış və nəticədə onun maşınının sağ arxa hissəsinə çırpılmışdır. Həmin sürücü özü də avtomobildən düşəndə yan tərəfə baxdığını və onun avtomobilini görmədiyini söyləmişdir. Manevr etmək üçün heç bir imkanı olmamışdır. Bundan sonra DİN-in “102” xidməti-zəng mərkəzinə və sığorta şirkətinə zəng etmiş, polis əməkdaşları onun polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. Polis şöbəsinə gedəndə polis əməkdaşları kameraya baxıldığını, onun idarə etdiyi “Toyota Camry” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydasını pozduğu bildirilmişdir. Videogörüntülərə baxmaq istədikdə Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞnin X10 Xidmət Bölüyünün yol nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X8 buna ehtiyacın olmadığını bildirmişdir. Qərarın əsassız olduğunu düşünür. Bu əsasa görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı tərtib etmiş Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞ-nin X10 Xidmət Bölüyünün yol nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X8 izahatında bildirdi ki, sürücü X3 tərəfindən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələbi pozulmuşdur. Belə ki, həmin bəndə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. X1 polis şöbəsində verdiyi izahatında hadisəni etiraf edir. Sonda o, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 23:30-da Gəncə şəhəri ərazisində X2 idarə etdiyi “Toyota Camry” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan oturacağında sərnişin olmuşdur. X3 avtomoili park yerindən çıxaran zaman arxadan gələn “Niva” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü sürətini azaltmamış və nəticədə onun maşınının arxa sol hissəsinə çırpılmışdır. Həmin sürücü özü də avtomobildən düşəndə yan tərəfə baxdığını, onun avtomobilini görmədiyini və sağ tərəfdə olan “Bakı otel”inə fokuslandığını söyləmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 23:30-da Gəncə şəhəri ərazisində “Toyota Camry” minik markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan ötməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -Məhkəməyə hadisənin videogörüntülərini əks etdirən bir ədəd “CD” disk təqdim edilmişdir. Videogörüntüyə baxış keçirilərkən X3 videogörüntülərin ona məxsus olduğunu bildirdi. Belə ki, şikayət vermiş şəxs X2 və inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri izahatlarından, şahid ifadəsindən və iş materiallarından görünür ki, X3 tərəfindən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilmişdir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bunun əksi olaraq iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına əməl etməmiş və qanunvericiliyin tələbini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞ-nin X10 Xidmət Bölüyünün yol nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. Həmçinin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən şikayətini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞ-nin X10 Xidmət Bölüyünün yol nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsi X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3867/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3867/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver