Məhkəmə qərarları › İş №3(125)-3868/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3868/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3868/2025 09.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Marneul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işəgötürən X2 yanında ofisiant işləyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 gün müddətinə vaxt verilmişdir. Lakin icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclunun bugünkü tarixədək 2181 manat borcu yığılmışdır. Belə ki, borclu Qocayev X9 dəvət olunaraq izahatı alınmış, ona hüquq və vəzifələri izah olunmuş, borclu izahatında bildirmişdir ki, ödəmək imkanı yoxdur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu sonuncu dəfə iki ay bundan qabaq aliment ödənişi etmişdir. Borclu və tələbkar barışaraq bir müddət Bakı şəhərində bir yerdə yaşadıqları üçün tələbkar aliment istəməmişdir, lakin son bir aydır ki, yığılan borcun hamısını istəyir. Borclu bugünkü tarixədək 5440 manat aliment borcundan 3259 manat ödəniş etmiş, həmçinin bu gün 370 manat aliment ödənişi etməsinə dair qəbz təqdim etmişdir. Borclunun hazırda 1811 manat borcu var. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, tələbkar Göygöl rayonunun Yeniyol kəndində yaşayır, pulunu tam şəkildə tələb edir. Borclu çağırışlara vaxtında gəldiyi üçün onun barəsində məcburi icra tədbirləri görülməsinə zərurət olmamışdır. Həmçinin “Elektron İcra” İnformasiya sistemindən əldə etdiyi məlumata görə borclu heç bir yerdə işləmir. Odur ki, protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkarla ayrıldığı üçün əvvəllər hissə-hissə 170 manat olmaqla mütəmadi aliment ödənişi etsə də, sonradan onunla barışmış, Bakı şəhərində 1 aya yaxın birgə yaşamışlar. Lakin sonradan maddi vəziyyətin zəif olmasına görə ayrılmışlar. Hazırda borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru zərərçəkmiş şəxs X6 ilə telefon vasitəsilə əlaqə saxlamış, zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu onu uşağının Bakıda müalicə etdirəcəyi vədi ilə aldadaraq Bakı şəhərinə aparmış, bir müddət orada birgə yaşamışlar. Bakıda birgə yaşadıqları vaxt borclu Bulvarda yerləşən kafedə ofisiant işləyirdi, hazırda isə borclunun harada işləməsindən məlumatı yoxdur. Odur ki, borclu tərəfindən ona 370 manat məbləğində ödəniş edilməsini təsdiq edir. İş materiallarında olan: - Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-179/2023 nömrəli icra vərəqəsindən görünür ki, 19 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(066)- 1136/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş)manat məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh Şəxs tutulub iddiaçı X1 xeyrinə ödənilməli, cavabdeh Şəxs 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, cavabdeh Şəxs mediasiya xərci üçün ödənilmiş 50 manat və hüquqi xidmət üçün ödənilmiş 50 manat alınaraq iddiaçı X3 ödənilməlidir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(066)-179/2023 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. - xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli. 2(066)-179/2023 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli telefonaqramdan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Leyla Məmmədova icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə, saat 15:00-da istifadəsində olan telefon nömrəsi vasitəsilə borcluya məxsus telefon nömrəsi ilə əlaqə saxlamış, icra sənədinin mahiyyətini, hüquq və vəzifələrini izah etmiş, görüləcək məcburi icra tədbirləri barədə onu xəbərdar etmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət etmişdir. Borclu isə gələ bilmədiyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(066)-179/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs icra idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-1311/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 179/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən verilmiş təqdimat təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(066)-179/2023 nömrəli icra sənədi üzrə borclu xx.xx.1992-ci ildə Marneuli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi və qərardadın icrasının Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilməsi qərar alınmışdır. - Tələbkar tərəfindən İdarədə verilmiş ərizədən görünür ki, icra sənədi üzrə borclu xx.xx.2024-cü il tarixdə aliment borcundan 100 manat ödəmişdir, onun xx.xx.2024-cü ilin sentyabr ayı da daxil olmaqla, 921 manat aliment borcu var. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmiş, həmin xəbərdarlıqlar borclu Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə maddi vəziyyəti ilə bağlı işləyə bilmədiyinə görə ödəniş edə bilməmişdir. xx.xx.2024-cü il tarixdən bugünədək 780 manat ödəniş etmişdir. Heç bir əmlakı olmadığı üçün borcunu tam bir şəkildə ödəyə bilmir, hissə-hissə ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, borclu tərəfindən xx.xx.2025-ci il tarixdə tələbkara 370 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-179/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2025-ci il tarixdə 370 manat aliment ödənişi edərək, qalan borcunu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu hissə-hissə ödəyəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar