Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3870/2025 09.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətasını törətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjanı Abdıyev Mürşüd “MDB” oyunlarının bağlanış mərasimi ilə bağlı xidmət apararkən “Hyundai” markalı avtomobillə ona yaxınlaşaraq yollar bağlı olduğu halda keçməli olduğunu demişdir. Ona yolun bağlı olduğu, ünvanının bura olmadığı bildirilsə də, Şəxs səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Həmin əraziyə PPX əməkdaşları çağırılaraq Şəxs aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə təhvil verilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Sonda məhkəmədən inzibati həbs növündə inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hadisə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin dediyi kimi olmuşdur. Həmin gün axşam saat 16:00-17:00 radələrində uşaqları evə qoyub iş yerinə gedirdi. Özünəməxsus avtomobillə yolu keçmək üçün polis əməkdaşlarına müraciət etsə də, polis əməkdaşı ona yolun bağlı olduğunu demişdir. Bugünə kimi heç bir inzibati xəta törətməmişdir. Törətdiyi əməli etiraf edir, həmçinin himayəsində iki azyaşlı uşağı var. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində inzibati cərimə növündə inzibati tənbeh təbdirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin inspektoru, polis baş serjantı X2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə İİİ “MDB” oyunlarının bağlanış mərasimi ilə əlaqədar yollar bağlı olmuşdur. Həmin ərazidə xidmətdə olarkən Şəxs “Hyundai” markalı avtomobillə ona yaxınlaşaraq işə gecikdiyinə görə yoldan keçməsini xahiş etmiş, bu zaman Şəxs səs-küy etdiyindən yaxınlıqdakı PPX əməkdaşlarını çağırmışdır. Bundan sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsiri özünün etirafedici ifadəsi, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs polisin iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Eyni zamanda uca səslə müqavimət göstərərək işlədərək ətrafdakılara hörmətsizlik etmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayiəti ilə gətirilmişdir. Ona görə də, məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə Şəxs törətdiyi əməldən özünü təqsirli bilərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3870/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3870/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver