Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3881/2025 10.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Fərid Seyidovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən rayonu, Mollahəsənli kəndində qeydiyyatda olan Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 564-cü maddələri ilə tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Fərid Seyidov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 564-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan görünür ki, 02 oktyabr 2025-ci il tarixdə Şəxs DİN-in 102 xidmətinə bilə-bilə yalan məlumat verərək və xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsində həmin məlumat ilə bağlı onu Polis Şöbəsinə dəvət edən zaman təhqiqatçının tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmiş və onun sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Fərid Seyidov protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, o, DİN-in 102 xidmətinə zəng edərək telefonunun təmir olunması adıyla ona qaytarılmaması barədə məlumat vermiş, daha sonra polis əməkdaşları onu ifadə verməsi üçün Şöbəyəyə dəvət etmiş, o da nə nalayiq ifadə işlətmiş nə də ki, polisə müqavimət göstərmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati ərazisi olan Gəncə şəhəri, Nizami küçəsi ilə İ.Məmmədov küçəsində Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə yanaşı, həmçinin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 09 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3881/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3881/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver