Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3885/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, 03 iyul 2019-cu il tarixli qərarla icraata başlanmış Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 16 may 2019-cu tarixdən başlayaraq, 3 (üç) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməmişdir. Hazırda ödənilməmiş aliment borcu 15.760 manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunla müəyyən edilmiş müddətdə icra sənədini icra etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 çıxışında protokolu müdafiə edərək Şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini icra etmədiyini və indiyədək borcundan ödəniş etmədiyini bildirmişdir. Sonda qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, bir ildir ki cəzaçəkmə müəssisəsindən azad olunmuşdur və maddi imkanı olmadığından borcunu ödəyə bilmir. O, aliment borcunun ödənilməsi üçün onda vaxt verilməsini məhkəmədən xahiş etmiş və əgər vaxt verilsə hər ay borcunu hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 28 oktyabr 2024-cü il tarixli MN №2087574 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələblərin icrasından yayınır. - Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X6, xx.xx.2010-cu il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X9 nikahın pozulmasından sonra iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının himayəsində saxlanılması, cavabdeh Şəxs xx.xx.2006-cı il tarixdə X2, xx.xx.2010-cu il tarixdə Şəxs və xx.xx.2014-cü il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 may 2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının xeyrinə tutulması qət edilmişdir. - 05 iyul 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın başlanması qərara alınmışdır. - 05 iyul 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin 23 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 23 oktyabr 2020-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, 5990 manat aliment borcunu işsiz olduğundan həmçinin adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakın və aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və ya əmanətinin olmadığından tam ödəməyə imkanının olmadığını bildirmişdir. Bu günədək 130 manat ödəniş etdiyini və işə yeni başladığından az-az ödənişlər edəcəyini vəd etdi. - Şəxs 04 oktyabr 2023-cü il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, Gəncə şəhər Məhkəməsinin 3(125)-2060/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən sonra icra sənədi üzrə heç bir ödəniş etməmişdir, imkanı olmadığından qısa müddətdə işə düzəlib və aliment ödənişlərini aparmaq üçün çalışacağını vəd etmişdir. - 25 oktyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxslərin izahataları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3885/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3885/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver