Məhkəmə qərarları › İş №3(125)-39/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-39/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-39/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1466/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Şəxs 3400 (üç min dörd yüz) manat aliment borcu vardır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1466/2013 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən o, 3400 manat olan aliment borcundan 550 manat ödəmiş və hal-hazırda 2850 manat aliment borcu qalmışdır. O, yerdə qalan borcunu hər ay 300 manat aliment borcundan ödənişini və əlavə 50 manat olmaqla, hər ay 350 manat ödəyəcəyinə söz vermişdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yеri bаrədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə bахılmаsını mümkün hеsаb еdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1466/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü ildən başlayaraq, ünvan 1-də yaşayan Şəxs 24 iyun 2005-ci ildə doğulmuş X4 və 24 fevral 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Gəncə şəhəri, Z.Məmmədov küçəsi, 2-ci döngə, ev 7-də yaşayan Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1466/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 24 iyun 2005ci il təvəllüdlü X4 və 24 fevral 2008-ci il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan aliment miqdarının artırılması, 24 iyun 2005-ci il təvəllüdlü X4 və 24 fevral 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1466/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmiş və Şəxs qeyd olunan sənədləri imza edərək qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 400 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 150 manat ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs aliment borcundan 06 yanvar 2023-cü il tarixdə 400 (dörd yüz) manat və daha sonra 18 yanvar 2023-cü il tarixdə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə aliment borcundan 550 (beş yüz əlli) manat ödəniş etməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar