Məhkəmə qərarları › İş №3(125)-390/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-390/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-390/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X7 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin X14 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X5 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə şərti tətbiq edilməklə 100 (yüz) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və X13 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə Regional X14 İdarəsi tərəfindən "xxxx" MTK-nın rəsmi şikayəti əsasında onun sahibi olduğu Ş.İ.Xətai pr.50, bina 1, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən “Rahat Hotel” mehmanxanasında Yanğın-Texniki müayinəsi aparılmış və xx.xx.2024-cü il tarixli X1 baxılması nəticələri üzrə 5415 nömrəli Qərar qəbul edilmiş və həmin tarixli MN-1236823 nömrəli X13 protokol tərtib edilmişdir. Bundan sonra cavabdeh onun barəsində xx.xx.2024-cü il tarixli, MN-1827928 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etməklə, həmin qərar onun “Whatsapp” nömrəsinə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. O, həmin qərardan 10 günlük müddətdə şikayət vermək qərarına gəlmişdir. Lakin MN-1236823 nömrəli X13 Protokol və xx.xx.2024cü il tarixli, MN-1827928 nömrəli İnzibati tənbeh vermə haqqında qərar aydın və oxunaqlı şəkildə tərtib edilmədiyindən sənədlərin mahiyyəti və məzmunu ona aydın olmadığından o, xx.xx.2024-ci il tarixli ərizə ilə müraciət edərək, qeyd edilən protokol və qərarın məzmunu barədə izah verilməsini xahiş etmişdir. Cavabdeh İnzibati Orqan onun həmin tarixli müraciətinə mahiyyəti üzrə cavab verməmiş, barəsində tərtib edilmiş protokol və qərarın məzmunu barədə izah verməmiş, yenidən həmin Protokol və Qərarın əvvəlki nüsxələrinin surətlərini poçt vasitəsi ilə ona göndərmişdir. Sənədlərin təkrar nüsxəsi ona xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Bundan sonra o, oxunması mümkün olmasa da, mahiyyətini çətinliklə başa düşdüyü həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Gəncə Regional X14 İdarəsinin vəzifəli şəxsinin onun barəsində olan xx.xx.2024cü il tarixli MN-1827928 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı aşağıdakılara əsasən əsassız və qanunsuz olduğundan ləğv edilərək, icraata xitam verilməlidir. Birincisi vəzifəli şəxs tərəfindən həmin İnzibati tənbeh vermə haqqında qərar çıxarılarkən İXM-nin 57, 60, 61, 75, 78, 106, 1 12, 115-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Belə ki, inzibati icraatı aparan orqan, həmin iş üzrə sənədləri ona rəsmi verilməsini təmin etməmiş (maddə 57), müvafiq bildirişlər vasitəsi ilə işə baxılmasının vaxtı və yeri barədə, habelə ayrı-ayrı prosessual hərəklər barədə xəbərdar etməmiş (maddə 60), onun iş materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, hüquqi yardımdan istifadə etmək hüquqlarını təmin etməmiş (maddə 61), X13 iş üzrə qanunla nəzərdə tutulan halları araşdırmamış və müəyyən etməmiş (maddə 75), onun izahatını almamış (maddə 78), vəzifəli şəxs tərəfindən X13 işə baxılmağa hazırlanması tələblərinə əməl etməmiş (maddə 106), baxılma qaydalarına əməl etməmiş (maddə 112), qəbul etdiyi qərarı 115-ci maddənin tələblərinə uyğun əsaslandırmamışdır. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Ş.Ələkbərovun Gəncə şəhəri, Ş.İ.Xətai pr.50, bina 1, 2-ci giriş, 2-ci mərtəbəbəsində yerləşən “Rahat Hotel” mehmanxanasının binasında xx.xx.2024-cü il tarixli şikayət məktubuna əsasən plandan kənar Yanğın-Texniki müayinəsi zamanı YTQ-nın 01-2001 bənd 5.1 və YTQ 02-2002, bənd 2.1.84 pozulmuşdur. Bununla bağlı qərarda qeyd edilən YTQ-nın müvafiq bəndlərinə düzgün istinad edilməmişdir. Belə ki, YTQ 01-2001 5.1 bəndi, köçürmə yollarına dair Yanğın Təhlükəsizliyinin tələblərini tənzimləyir və həmin bənddə qeyd edilir ki, köçürmə çıxışlarının sayı ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması eləcə də, köçürmə yollarının uzunluğu yanğına qarşı tikinti-lahiyə normalarına uyğun olmalıdır. Bununla əlaqədar ona məxsus Hotel 10 mərtəbəli yaşayış binasının bir başında, 2-ci mərtəbədə yerləşməklə, oraya 1-ci mərtəbədən ayrıca giriş-çıxış yolu vardır. Binanın tikinti lahiyəsində 2-ci mərtəbə üçün köçürmə çıxışları nəzərdə tutulmamışdır. Ona görə də, lahiyədə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri üçün köçürmə yolları olmadığına görə, burada həmin bəndə uyğun X4 tələblərinin pozulmasından söhbət gedə bilməz. Ona görə də, onun əməlində YTQ 01-2001, 5.1 -ci bəndin tələblərinin pozulması halı yoxdur. Qərarda eyni zamanda YTQ 02-2002, bənd 2.1.81 tələbləri pozulmuşdur. Bununla əlaqədar bildirirəm ki, YTQ 02-2002 nömrəli Qaydalarda 2.1.81 bənd yoxdur. Orada 2.1.8 bəndi vardır, həmin bənddə qeyd edilir ki, baza, anbar, ticarət və ictimai iaşə əraziləri gecə vaxtı işıqlandırılmalıdır. Əgər inzibati tənbeh verən vəzifəli şəxs Qərarında həmin bəndin pozulmasını qeyd etmək istəmişdirsə də, bu doğru deyildir. Çünki yuxarıda qeyd etdiyi kimi, binanın baş tərəfində 2-ci mərtəbədə yerləşən Hotelin 1-ci mərtəbədən giriş ərazisində işıqlanma vardır. Eyni zamanda bina şəhərin mərkəzi prospektlərindən birində yerləşdiyinə görə, bina ətrafı və Hotel ərazisi şəhər tərəfindən tam işıqlandırma altındadır. Bundan əlavə Hotel 4 ilə yaxın bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddətdə Yanğın Təhlükəsizliyi əməkdaşları tərəfindən heç vaxt hər hansı bir qayda pozuntusu ilə əlaqədar xəbərdarlıq bildirilməmişdir. Qərarda da, qeyd edilir ki, şikayət məktubu əsasında icraat başlanıb müayinə aparılmışdır. Müayinə aparılan zaman onun tərəfindən əməkdaşlara bildirilmişdir ki, binanın yeni MTK rəhbərliyi onunla qərəzli münasibət yaradıb, Hotel sahəsini əlindən almaq niyyətindədir. Bununla bağlı məhkəmələrə rəsmi müraciət etmişdir. MTK rəhbərliyi X17 Yanğın İdarəsinə şikayət məktubu göndərərək, guya onun tərəfindən YTQ-nın tələblərinin pozulması adı ilə öz istəyinə nail olmaq fıkirindədir. X17 Yanğın İdarəsi isə MTK rəhbərliyinin sifarişinə uyğun müayinə aparmış və həmin əsassız Qərarı qəbul etmişdir. X17 Yanğın İdarəsinin MTK-nın sifarişi əsasında heç bir əsas olmadan icraat açıb, protokol tərtib edib Qərar qəbul etməsi İnzibati Xətallar Məcəlləsinin 4-10-cu maddələrində nəzərdə tutulan prinsiplərinə ziddir. Bundan əlavə yuxarıda qeyd etdiyi əsaslara görə onun tərəfindən Qərarda istinad edilən İnzibati Xəta hadisəsinə yol verilməmişdir. Yol veriləcəyi halda belə, İXM-nin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Çünki 4 ilə yaxındır ki, Hotel fəaliyyət göstərdiyi müddətdə, həmin pozuntular olduğu halda, onların aşkar olunmaması mümkün deyildir. İXM-nin 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda İnzibati Xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Buna görə də Gəncə Regional X14 İdarəsinin vəzifəli şəxsinin onun barəsində olan xx.xx.2024-cü il tarixli MN-1827928 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını ləğv edib, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X10 şikayətin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və X13 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, “Rahat Hotel” mehmanxanasında ehtiyyat çıxış qapısı və yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya yoxdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin X14 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X8 məhkəməyə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Bu hal araşdırma zamanı tərtib edilmiş aktlar, qərarlar və digər sənədlərlə tam sübuta yetirilir. Buna görə qərardan verilmiş şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X7 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin nümayəndəsi X5 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) İXM-nin 116-cı maddəsi (inzibati cərimənin şərti olaraq tətbiq edilməsi) tətbiq olunmaqla 100 (yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin yanğın-texniki müayinənin aparılması haqqında 5415 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərarına əsasən müayinənin aparılması plandankənar (növbədənkənar) olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 5415 nömrəli, 10 dekabr 2024-cü il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən “Rahat Hotel” mehmanxanasında, həmin mehmanxananın icarədarı, vəzifəli şəxs X10 tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən plandankənar yanğın-texniki müayinə zamanı YTQ №01-2001, bənd: 1.10.1, bənd: 1.10.8, bənd: 5.1, YTQ №02-2002, bənd: 2.1.8.1 pozulması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti X1 baxılmasının nəticələri üzrə 5415 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “Rahat Hotel” mehmanxanasında X3 tələbləri, yəni yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi (YTQ №01- 2001.bənd 1.10.1), obyektin yenidən qurulması və yenidən genişləndirilməsi zamanı tikinti layihə sənədləri X14 Orqanları ilə razılaşdırılması (YTQ № 01-2001.bənd 1.10.8), köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmaması (YTQ № 01-2001.bənd 5.1), müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yaşayış binasında yenidənqurma işləri aparılması (YTQ № 02-2002.bənd 2.1.8.1) qaydaları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X13 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X13 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X10 vəzifəli şəxs qismində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə 10 dekabr 2024-cü il tarixdə onun barəsində X13 protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin rəisi X9 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X13 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan və qərardan şikayət vermiş şəxsin qismən etirafedici izahatından aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin müvafiq əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli X13 protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi X13 protokolla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin nümayəndəsi X5 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər, həmçinin qərardan şikayət vermiş X7 məhkəməyə verdiyi qismən etirafedici izahatı və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X7 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib İXM 116-cı maddəsi tətbiq olunmaqla 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar