Məhkəmə qərarları › İş №3(125)-3917/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3917/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3917/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli EQ 31060869 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31060869 saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11:18-də işə hazırlaşarkən evdən çölə çıxmamış telefonuna Asan payla SMS gəlmiş və ona Gəncə şəhəri B.Əliyev küçəsi ilə saat 15:47:59 radələrində **-AB-*** dövlət nişanlı avtomobillə keçərək inzibatı xəta törətdiyi bildirilmişdir. Ona görədə EQ 31060869 nömrəli qərarla 90 manat cərimə və 3 bal verilir. SMS-i telefonda oxuyan kimi dərhal SMS vasitəsi ilə DİN-nə və BDYPİ-nə şikayət etmiş, sonra da məcbur qalıb poçt vasitəsi ilə teleqrama vurmuşdur. Belə ki, Gəncə şəhər DYPİ-nin qərəzli şəxsin ona yalandan utanmadan çəkinmədən nə vaxtsa onun o küçədən keçdiyinin fotosunu saxlayıb qərəzli olaraq, qeyd edirki, güya o, xx.xx.2025-ci il tarixdə həmin küçədən keçəcək və inzibati xəta törədəcəkdir. O, həmin yolda düz xəttin olmadığını və qırıq-qırıq xətlərin olduğunu bildirmişdir, bu o deməkdir ki, yəni ötmə əməliyyatı etmək olar. Bu barədə yerli baxışda keçirmək olar. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alaraq, qərəzli formada yazılmış İXM 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi barədə EQ 31060869 nömrəli qərarın ləğv edilməsini və yazılmış cərimənin silinməsini xahış etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlunun keçmiş nişanlısının qohumu bununla köhnə şəkillərdən tapıb ona hey cərimələr yazdırır. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 31060869 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati hadisənin qeydə alındığı videogörüntülərdən aydın olur ki, O.Məmmədov xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, B.Əliyev küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Sözügedən elektron qərar isə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və həmin qərarda inzibati xətanın xx.xx.2025-ci il tarixdə baş verməsi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. xx.xx.2025-ci il tarixli EQ 31060869 nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi göstərilmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulmasına görə inzibati məsuliyyəti özündə ehtiva edir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş inzibati xətanın baş verdiyini əks etdirən video görüntülərdən aydın olur ki, inzibati qərar bir gündən sonra real vaxt rejimində tərtib olunsa da, həmin qərarda inzibati xətanın baş verməsinin tarixi inzibati xəta törədilən gün xx.xx.2025-ci il tarixində deyil, bir gün sonra yəni, xx.xx.2025-ci il qeyd edilmişdir. Bu isə inzibati tənbeh vermə haqqında qərarın düzgün tərtib olunmadığını göstərir. Sadalanan qanunvericilik normalarından və işin faktiki hallarından görünür ki X2 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsinə aidiyyatı və təqsiri sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-in 100.1, 100.1.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31060869 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31060869 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar