Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-394/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 2500 (iki min beş yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentindən ezam olunmuş əməkdaşlar və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 16 iyul 2022-ci il tarixdə "Atmosfer havasına atılan zərərli maddələrin norma hədlərinin müəyyən edilməsi" ilə əlaqədar "Şəms" şadlıq sarayı ətrafında monitorinq ölçmələri aparılmışdır. Onların formal qənaətinə görə guya şadlıq sarayının fəaliyyəti zamanı atmosfer havasına normadan artıq dərəcədə zərərli maddələrin atıldığı müəyyən olunmuşdur. Ona görə də barəsində Akt və inzibati protokol tərtib edilərək icrası məcburi olan göstəriş verilmişdir. 29 iyul 2022-ci il tarixdə tərtib olunmuş protokola baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmişdir. Həmin qərar, qərəzli, qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında icraata xitam verilməlidir. 16 iyul 2022-ci il tarixli Protokolun və onun əsasında 29 iyul 2022-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarın qəbul olunmasına səbəb guya təmizləyici qurğunun təmizlənməməsi və ətraf mühit üçün yol verilən həddən artıq zərərli maddələrin atmosferə sovrulması olmuşdur. Eyni zamanda təmizləyici qurğunun təmizlənməsi haqqında hər hansı bir sənədin təqdim edilmədiyi qeyd olunmuşdur. Halbuki, onlar 14 yanvar 2022-ci il tarixdə fiziki şəxs X10 ilə (VÖEN: **********) Xidmətlərin Göstərilməsi (İşlərin Görülməsi) Haqqında Z-001 saylı Müqavilə imzalamışlar. Həmin Müqavilənin 2-ci maddəsinə əsasən "Bu müqaviləyə əlavədə müəyyən edilmiş təmir və quraşdırma xidmətlərinin təhvil-təsliminə dair aktı tərəflər arasında birgə imzalandıqdan sonra, xidmət yerinə yetirilmiş hesab edilir və bundan sonra "Sifarişçi" təhvil alınan iş və ya xidmət(lər) müqabilində müəyyənləşdirilmiş vəsait "İcraçıya" ödəyir". Müqaviləyə dair Əlavə 1-də Xidmətlərə dair ümumi məlumatda xidmətin növü kimi "Tüstü filterlərinin sökülməsi və yuyulması" göstərilmişdir. Tüstü filterlərinin sökülərək yuyulması 14 iyul 2022-ci il tarixdə ******* saylı Qaimə Faktura əsasında icra olunmuşdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 iyul 2022-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarına etiraz edir, belə ki, tüstü tutusu qurğuya nəzarət daim diqqət mərkəzində olmuşdur. Çünki analoji hal 07 dekabr 2018-ci il tarixdə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı Qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 234.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə olunmuşdur. Lakin həmin qərar əsassız olduğundan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin Qərarına əsasən ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilmişdir. Hal-hazırkı Qərarla əlaqədar hesab edir ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının atmosferə atılan qaz birləşmələrini təyin edən texniki vasitənin ölçü meyarı düzgün deyildir. Əməkdaşlar həmin texniki vasitəni işə salmazdan əvvəl bir-birlərini təlimatlandırırdılar ki, elə edin ki, texniki vasitələrin ölçüləri uyğunluq təşkil etsin. Etibarnamə üzrə nümayəndəsi oğlu X13 istifadə etdikləri texniki vasitənin dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədi və son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt bərədə, həmçinin növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt barədə rəsmi sənəd təqdim etmələrini xahiş etsə də bundan imtina edilmişdir. Ona görə də 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 iyul 2022-ci il tarixli Qərarının qərəzli, əsassız və qanunsuz olması barədə onda əsaslı şübhələr yaranmışdır. Buna görə də 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 iyul 2022-ci il MN-1493253 saylı Protokol əsasında qəbul edilmiş 29 iyul 2022ci il MN-1120314 saylı Qərarın ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi X13 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın qəbul edilməsi üçün əsas olan 16 iyul 2022-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilməmiş, yəni atmosfer havasına atılan qaz birləşmələrini təyin edən analizatorun həmin vaxt istifadə edilmiş analizator olmadığını və həmin analizatorun da sertifikatının olmadığını, o cümlədən nazirliyin əməkdaşlarının bu monitorinq ölçmələri aparmaq üçün müvafiq icazələrinin olmadığını mübahisələndirərək qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəməyə izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən şadlıq saraylarından və ictimai iaşə obyektlərindən atmosferə atılan tullantıların norma daxilində olub-olmamasını müəyyən etmək məqsədilə Gəncə şəhərinə ezam olunmuş Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin Monitorinq sektorunun müdiri və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki əməkdaşı tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların norma daxilində olub-olmamasının müəyyən edilməsi məqsədilə monitorinq ölçmələri aparılmış, o cümlədən Şəms şadlıq sarayının yerləşdiyi ərazidə də aparılmış monitorinq ölçmələri nəticəsində nöqsanlar aşkar olunmuşdur. Yəni ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarı normadan çox olmuş və bu səbəbdən də 16 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokolun tərtib edilməsi üçün əhəmiyyət kəsb edən digər sübutları da məhkəməyə təqdim etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 İXM-in 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) 2500 (iki min beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi rəhbər tutularaq idarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişləri X11 və X4 şəhərində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün 16 və 17 iyul 2022-ci il tarixlərində hər gün 2 saat olmaqla əvəzi ödənilmədən əlavə işə cəlb olunması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyul 2022-ci il tarixli, 1110/EM nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə”nin 5.4.7-ci bəndini rəhbər tutaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şifahi tapşırığına əsasən Gəncə şəhərində fəaliyyət göstərən şadlıq saraylarından və ictimai iaşə obyektlərindən atmosferə atılan tullantıların norma daxilində olub-olmamasını müəyyən etmək məqsədilə X21 - Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin Monitorinq sektorunun müdiri 2022-ci il 15-17 iyul tarixlərində (3 gün) Gəncə şəhərinə ezam edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş OMS K 01949 sertifikat nömrəli Kalibrləmə sertifikatından görünür ki, Ankat 7664 MİKRO qaz analizatorunun kalibrləmə tarixi xx.xx.2022 və növbəti kalibrləmə tarixi xx.xx.2022-ci ildir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmədə baxış keçirilərkən görüntüdən müəyyən olunur ki, atmosfer havasına atılan qaz birləşmələrini təyin edən Ankat 7664 MİKRO markalı qaz analizatoru iş materiallarına fotoşəkli əlavə edilmiş həmin qaz analizatorudur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X9 vəzifəli şəxs qismində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olmasına görə 16 iyul 2022-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların norma daxilində olub-olmamasının müəyyən edilməsi məqsədilə aparılmış monitorinq ölçmələri qanuni şəkildə həyata keçirilmiş və həmin vaxt istifadə olunmuş qaz analizatorunun isə sertifikatı olmuşdur. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər, görüntülü DVD disk, yerində çəkilmiş foto şəkillər və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X5 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-394/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-394/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver