Məhkəmə qərarları › İş №3(125)-3947/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3947/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3947/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 26-cı küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 31 oktyabr 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 31 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18-də avtomobil ilə sərxoş halda və idarəetmə hüququ olmadan maşını idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və YPX əməkdaşları avtomobili duracağa aparan zaman onlara tabesizlik göstərmiş və nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs xx.xx.2024-cü il tarixdə saat 10-da avtomobil ilə sərxoş halda və idarəetmə hüququ olmadan maşını idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və YPX əməkdaşları avtomobili duracağa aparan zaman onlara tabesizlik göstərmiş və nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü ildə spirtli içki qəbul etmişdir. Müharibə veterandır. Dərmana ehtiyacı olduğu üçün dərman almağa getmişdir. Sərxiş olmuş, maşını idarə etmək hüququ olmamışdır. Dərman atmayanda əsəbi olduğu üçün polis ilə mübahisə etmiş və nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə DYPŞ-nin YNH üzrə inspektoru polis baş leytenantı Elturan Hacıyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-da Ş.İ.Xətai prospektində kimliyi onlara sonradan məlum olan Şəxs hüquqsuz və sərxoş vəziyyətdə 77KN092 nömrəli KİA markalı avtombili ilə yol nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmaq istəyərkən zərərçəkmiş avtombilin sahibi onu saxlayaraq 102 xidmətinə zəng etmişdir və müraciət əsasında onlar hadisə yerinə gəlmişlər. Şəxs avtombil idarə etməyə hüququ olmadığından və eyni zamanda sərxoş olduğundan sükan arxasından uzaqlaşdırılaraq avtomobilin duracağa aparılması təmin edilmişdir. Gəncə DYPŞ-nin həyətində olan zaman Şəxs polisin qanuni tələbərinə tabe olmayaraq yüksək səslə nalayiq ifadələr işlədərək maşını qaçırmaq istəsə də onun qarşısını alıb Gəncə şəhəri 1-ci Polis Şöbəsinə NH-nə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs müharibə veteranı olmaqla 80 manat müavinət alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən saat 19-00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar