Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3950/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərarı ilə o Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirir ki, barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, güya o xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, M.Bağırov küçəsində saat 09:29 radələrində “CHEVROLET CRUZE” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma-durma qaydalarının tələblərini pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş “X8 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli qərar qəbul edilmişdir. O bu qərarla razılaşmır. Onun barəsində “X8 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın D10BE1F58C49EA4C nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “video görüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. Lakin “X8 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamış və istifadəsində olan “Asanpay” elektron kabinetində inzibati xətanın törədilməsini sübut edən video materillar əlavə edilməmişdir. Həmçinin elektron qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyi göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmır. Bununla yanaşı Gəncə şəhəri, M.Bağırov küçəsində yol hərəkətinin nizama salınması üçün hərəkət zolağı (nişanlama xətti) mövcud olmadığına görə yolun hərəkət hissəsini (cərgələri) müəyyən etmək mümkün deyildir. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Baş X11 İdarəsinin əməkdaşına bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərarın surətindən görünür ki, X5 İXM-in 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 şəhəri, M.Bağırov küçəsində xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərar qəbul edilmişdir. X3 şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X8 haqqında qərarın tətbiq olunmasında istifadə edilən kameranın tipi vahid vaxt rejimində avtomatlaşmış formada inzibati cərimə tətbiq etmək üçün yox şəhər ərazisində müşahidə aparmaq təyinatındadır. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1- 001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilsin: “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta DİN-nin “Təhlükəsiz şəhər” müşahidə kameraları vasitəsi ilə aşkar edilərək, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində X8 haqqında elektron qərar qəbul edilmişdir. Şikayət vermiş şəxsin ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-də inzibati xətaların yalnız xüsusi texniki vasitələrlə qeydə alınması nəzərdə tutulmamışdır. Belə ki, İXM-nin 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən X8 haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi X8 haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, X8 haqqında qərar İXMnin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin X4 Azərbaycan Respublikası İXM-nin 346.4-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli X8 haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24203680 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3950/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3950/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver