Məhkəmə qərarları › İş №3(125)-3951/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3951/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3951/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş – X2, qərardan şikayət verən şəxs – X4, zərərçəkmiş şəxs – X1 iştirakları ilə, X4 Gəncə şəhər BPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər BPİ-nin 4-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri BPİ-nin 4-cü bölməsinin polis sahə rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmiş və qeyd olunan qərarla razılaşmayaraq hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər sakini X8 ilə toyu baş tutsada xx.xx.2024-cü il tarixdə toydan əvvəl rəsmi nikaha daxil olmuşlar. O, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Yeni Yevlax avtovağzalının arxa hissəsində Vəlixanın ailəsinə məxsus evdə ailə üzvləri ilə birgə yaşamış, lakin ailə daxili səbəblərə görə birgə yaşaya bilmədikləri üçün xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, N. Nərimanov prospekti bina 1, mənzil 34-də kirayədə yaşayan bacısı X5 yanına gəlmişdir. xx.xx.2024-cü il tarixdə isə boşanmaq üçün Asan Xidmətə və Mediasiya Şöbəsinə müraciət etmişdir. Həmin tarixdə anası zəng edərək qaynanası Xəyalə Zeynalova onunla danışmaq üçün yanına gəldiyini xəbər vermişdir. Saat 17:20 radələrində qaynanası qızı Nəzakət ilə birgə bacısının yaşadığı evə gəlmiş və söhbət zamanı toyda ona verilmiş qızılzinət əşyalarını, mobil telefonu tələb etmiş, o, isə məhkəmə boşanan zaman lazım bilsə həmin qızılları və telefonu geri qaytaracağını demişdir. Bu zaman qaynanası üzərinə gələrək arxasında olan çantadan qızılları götürmək istədikdə imkan verməmiş və qaynanası saçından-sol qolundan tutaraq dartmış, qolunu dişləmişdir. Buraxmadığı üçün onu itələyərək özündən uzaqlaşdırmış, həmin vaxt evdə olan bacısı və bacısının kirayə yoldaşları Firuzə, Zülfiyyə araya girərək onları aralamış, evdən çıxara bilmədikdə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə təxminən 8-10 dəqiqə davam etmişdir. O, qaynanası Xəyaləni və qızı Nəzakəti vurmadığı halda qərarda onun qaynanasını vurduğu qeyd edilmişdir. Onun yaşadığı mənzilə hücum edən, bacısı və onun otaq yoldaşlarının yanında döyən qaynanası olmuşdur. Lakin dügzün araşdırma aparılmayaraq qaynanasının izahatını əsas götürüb onun da guya onu döyməsi əsas gətirilərək barəsində İXM-nin 157-ci maddəsi ilə 500 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X11 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ya barəsində tətbiq edilmiş inzibati cərimənin miqdarının azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi X9 çıxışında bildirmişdir ki, mübahisə qarşılıqlı olduğundan Xəyalə Zeynalovaya 300 manat, Lalə Zeynalovaya isə 500 manat inzibati cərimə edilmişdir. O, hakimin sualına cavab olaraq qeyd etmişdir ki, ekspertiza rəyinə əsasən zərərçəkmiş şəxs X.Zeynalovada bədən xəsarətlərin sayının çox olmasını nəzərə alaraq L.Zeynalova 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur. İfadəsinin sonunda tərəfindən qəbul edilmiş protokolun və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 çıxışında şikayət ərizəsində qeyd olunanları inkar edərək gəlini Lalə Zeynalovanı döymədiyini, əksinə gəlini tərəfindən döyülməsini qeyd etmişdir. O, gəlini Lalənin birgə yaşadıqları evdən getdiyini və özü ilə qızılları və ərinə məxsus 5000 (beş min) manat pulunu götürməsini qeyd etmişdir. Buna görə də aralarında qarşılıqlı mübahisə baş verdiyini etiraf etmiş, lakin L.Zeynalovanı döymədiyini bildirmişdir. İfadəsinin sonunda onunla gəlini arasında baş vermiş mübahisəyə görə inzibati qaydada 300 manat miqdarında inzibati tənbeh edildiyini və inzibati cəriməni ödədiyini qeyd etmişdir. İş materiallarında olan: - 15 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 əməlində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin rədd edilməsi və X4 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 4-cü PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. - 17 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 4-cü döngə bina 1, mənzil 34-də qaynanası X3 döymüşdür. - 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X11 barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - 24 sentyabr 2024-cü il tarixli Məhkəmə-Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin 1307 nömrəli rəyinə əsasən X4 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol said nahiyəsinin sıyrığı-küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - 17 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 4-cü döngə bina 1, mənzil 34-də gəlini X7 döymüşdür. - 15 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, material üzrə araşdırma aparılmış Məhkəmə-Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin 1303 nömrəli rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol yanaq və sol bazu nahiyyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə X6 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - "xxxx"MMC ödəniş qəbzindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) manat cərimə məbləğini ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhəri BPİ-nin 4-cü bölməsinin X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, L.S.Zeynalova barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd edilən qərar qəbul edilrəkən L.S.Zeynalova barəsində tətbiq edilmiş tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31–34-cü maddələrinin tələblərinə uyğun olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi L.S.Zeynalova əvəllər Azərbaycan Respublikasında olduğu vaxtlar heç bir qanun pozuntusuna yol verməmiş və hər hansı məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi Azərbaycan Respublikası 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən L.S.Zeynalovanın yol verdiyi inzibati xətanın xarakteri, şəxsiyyətini xarakterizə edən hallar (L.S.Zeynalovanın qadın olması, əvvəllər Azərbaycan Respublikasında olduğu vaxtlar heç bir qanun pozuntusuna yol verməməsi və hər hansı məsuliyyətə cəlb edilməməsi, həmçinin tələbə olması), onun təqsirinin dərəcəsi, habelə məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, (L.S.Zeynalovanın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərədə tutulan cərimənin ən yüksək məbləğinin (500 manat) tətbiq edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətlilik prinsipinə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 barəsində tərtib edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbirinə dair qərar dəyişdirilməli və ona İnzibati Xətalar Məcəlləsinin 157-ci sanksiyasının aşağı həddində yəni 300 (üç yüz) manat cərimə növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, L.S.Zeylanova barəsində 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həminin inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar