Məhkəmə qərarları › İş №3(125)-3975/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3975/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3975/2025 15.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-229/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu ildə doğulmuş X7, xx.xx.2011-ci ildə doğulmuş X12 və xx.xx.2019-cu ildə doğulmuş X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0,53 misli həddində sabit pul məbləğində aliment alınaraq tələbkar X8 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən imtina etmişdir. Bu günə 1386 manat borcu mövcuddur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X15 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Protokolu müdafiə edərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, məhkəmə iclası ərəfəsində borclu tərəfindən icra sənədi üzrə 1386 manat aliment borcundan 811 manat ödəniş edilmiş, hazırda onun 575 manat aliment borcu qalmışdır. Hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, maddi imkanı olmadığından hər ay 636 manat məbləğində alimenti ödəyə bilmir. İcra sənədi üzrə borcundan 811 manat ödəniş etmiş, cəmi 575 manat aliment borcu qalmışdır. Qalan borcunu gələn ayın 5-nə kimi tam şəkildə ödəyəcək. İyul ayından avqust ayına kimi 2032 manat aliment ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X13 izahatında bildirdi ki, bu gün Şəxs tərəfindən ona 811 manat aliment ödənişi edilmiş, onun 575 manat aliment borcu qalmışdır. Şəxs hər ay borcunu qismən ödəyir, aliment borcu hər ay yığılır. İcra sənədi üzrə yığılmış aliment borcunu bütövlükdə tələb edir.. İş materiallarında olan: -Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq borcludan hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir. -xx.xx.2024-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 Şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. -xx.xx.2024-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-173/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən, saat 19:00-dan hesablanmışdır. -Gəncə Şəhər Məhkəməsinin 8(125)-229/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərarından görünür ki, ərizənin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya edilməsi, Şəxs ilə X4 birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X7, xx.xx.2011-ci ildə anadan olmuş X12 və xx.xx.2019-cu ildə anadan olmuş X16 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs, bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,53 misli həddində sabit pul məbləğində alimentin tutularaq, X8 ödənilməsi qərara alınmışdır. -Tələbkar İdarədə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, Şəxs 05 avqust 2025-ci il tarixdə aliment üzrə yığılmış 2032 manat aliment borcunu tam şəkildə onun təqdim etdiyi bank hesabına ödəmişdir. Odur ki, Şəxs barəsində məcburi icra tədbirlərini dayandırılmasını, Şəxs bu günə heç bir aliment borcunun olmamasının nəzərə alınmasını xahiş etmişdir. -Tələbkar İdarədə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, Şəxs oktyabr ayının 13-ü daxil olmaqla, 1386 manat aliment borcu vardır. Həmin borcun alınıb ona verilməsini və borclunun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. -Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, aliment barədə məlumatı var, bu gün üzrə 1386 manat borcu var, borcunu ödəməkdən yayınmır, bu günkü borcunu nağd şəkildə ödəyə bilmir. -Borclunun şəxsiyyət məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarış iş materiallarına əlavə edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-1964/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 24 iyun 2025-ci il tarixdən hesablanmışdır. -İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, borclu tərəfindən tələbkara məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə 116 manat, xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 66 manat, xx.xx.2025-ci il tarixdə 70 manat və xx.xx.2025-ci il tarixdə 811 manat pul köçürülmüşdür. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-1964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonrakı müddət ərzində müəyyən ödənişlər etmiş, həmçinin məhkəmə iclası ərəfəsində icra sənədi üzrə 1386 manat borcundan 811 manat ödəniş etmişdir. Bu hal icra məmurunun, zərərçəkmiş şəxsin və inzibati icraat aparılan şəxsin izahatları ilə öz təsdiqini tapır. Həmçinin borclu borcun qalan hissəsini gələn ayın 5-nə kimi ödəyəcəyini bildirmişdir. Lakin bütün bu hallara baxmayaraq onun qalan borcu üzürsüz səbəbdən ödəməməyi ilə bağlı icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsi halı müəyyən edilməmişdir. Belə ki, borclu Şəxs nəinki icra sənədini üzrsüz səbəbdən icra etmir, əksinə o, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati qaydada həbs olunduğu vaxtdan sonrakı müddət ərzində icra sənədi üzrə borcundan ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, inzibati icraat aparılan şəxs Şəxs borcunu ödəmək niyyətindədir və bu niyyəti onun mütəmadi ödənişlər etməyi ilə öz təsdiqini tapır. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X3 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar