Məhkəmə qərarları › İş №3(125)-399/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-399/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-399/2022 26.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 iyun 2022-ci il tarixdə, saat 15 radələrində BCD kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “İsuzu-Boqdan” markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Əminə marketin qarşısında hərəkət edib dönmə əməliyyatı aparan zaman yolun sağ tərəfində dayanmış X2 məxsus “VAZ 21011”markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili və avtomobildən düşmək istəyən X3 vuraraq ona sol çiyin-körpücük nahiyyəsinin yumşaq toxumalarının əzilməsi qismində sağlamlığn qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, Gəncə şəhəri "xxxx" MMC-də sürücü işləyir. Onun avtomobil idarə etmək üçün BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə o, qrafik üzrə müayinədən keçdikdən sonra 20 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusla işə çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Əminə marketin qarşısında dönən zaman onun başı qarşıdığından yol kənarında dayanmış “Vaz 21011” markalı avtomobilin yan hissəsindən vurmuşdur. Bu zaman sürücü qapını açıb yerə düşərək avtobusun qabaq hissəsindən vuraraq dayanmasını bildirmişdir. O, avtobusu saxlayana kimi avtobusun qabaq hissəsi sürücünü avtomobilin qapısına sıxmışdır. Həmin vaxt avtobusda sərnişinlər olduğundan o, orada qısa müddətdə dayanıb daha sonra sərnişinləri düşürmək üçün oradan getmişdir. O, sərnişinləri düşürüb sonradan hadisə yerinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində hadisə baş verən anda avtobusu təxminən 20 km/saat sürətlə idarə etmişdir. O, avtomobili idarə etdiyi zaman spirtli içki qəbul etməmişdir. O, hadisə yerindən qaçmamış, həmin şəxsə özü haqqında məlumat verib sərnişinləri düşürməyə getmiş və yenidən hadisə yerinə qayıtmışdır. Hadisəyə səbəb diqqətsizlik etməyi, dönmə əməliyyatını düzgün icra etməməsi olmuşdur. Bundan başqa həmin avtobusun sürücüsü də avtomobili dayanacaqda saxlayan zaman xarici işıq siqnalından istfadə etməmişdir. Onun avtomobilində heç kəs xəsarət almamışdır. Həmçinin özü də heç bir xəsarət almamışdır. Hadisənin baş verməsinə səbəb isə onun ehtiyyatsızlığı olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi zərəri tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş 02 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş AE 129442 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə BCD kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2022-ci il tarixli 1033 saylı rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş sol çiyin-körpücük nahiyəsinin yumşaq toxumalarının əzilməsi-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X8 Qanunun tələblərini pozaraq İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar