Məhkəmə qərarları › İş №3(125)-3992/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3992/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3992/2025 17.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Gəncə şəhəri, Heydər Əliyev prospekti,ev 56A, mənzil 22-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmədə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 23:20-də ucadan nalayiq ifadələr işlətmiş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələblərinə tabe olmamış və nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3 çıxışında protokolun məzmununa uyğun ifadə verərək bildirmişdir ki, Şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 23:20-də ucadan nalayiq ifadələr işlətmiş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, hadisə baş verən zaman spirtli içki qəbul etmiş vəziyyətdə olmuşdur, başqa bir şəxslə telefonla danışarkən ona aid olan nalayiq ifadələr işlətmiş, polis işçiləri onu nizam intizama dəvət etdikdə onlara tabe olmamışdır. Bunu sərxoş olduğundan etdiyini etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin PPXT-nın polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Gəncə Hotel”-in qarşısında o, telefonla danışarkən nalayiq ifadələr istifadə etdiyi üçün, onlardan öncə digər polis əməkdaşı humanistlik göstərərək onu nizam intizama dəvət etmişdir, sonra isə o, əməlini davam etdiyinə görə ona yaxınlaşmışlar və onu nizam intizama dəvət etmişlər. Lakin o, onların qanuni tələblərinə məhəl qoymamışdır. Həmçinin vətəndaş, onlara bildirmişdir ki, o, heç bir nalayiq ifadə işlətməmişdir. Lakin onun nalayiq ifadələrini eşitmiş şahidlər də mövcuddur. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin PPXT-nın polis nəfəri, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə İcra Hakimiyyətinin qarşısında vətəndaşa telefonla danışarkən nalayiq ifadələr istifadə etdiyinə görə yaxınlaşmışlar və onu nizam intizama dəvət etmişlər. Lakin o, onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlara tabesizlik göstərdiyi üçün onu, post patrul avtomobilinə dəvət etmişlər, lakin yenidən tabesizlik göstərdiyi üçün fiziki qüvvə istifadə edərək onu avtomobilə əyləşdirmişlər və Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə təhvil verilmişlər. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, № 4414/2025 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti orta dərəcəli alkoqol sərxoşluqdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə Azərbaycan Respublikası İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə Azərbaycan Respublikası İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. Həmçinin İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 00:11-də inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 535.1-ci maddəsinin saksiyası həddində 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu 17 oktyabr 2025-ci il tarixdən, saat 00:11-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar