Məhkəmə qərarları › İş №3(125)-3995/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3995/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3995/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli X3 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli X3 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun 22.08.24 tarixdə asan pay kabinetinə daxil olan EQ 23134514 nömrəli elektron qərardan Gəncə şəhər Məhkəməsinə şikayət edərək 11.09.24 tarixində qərarın ləğv edilməsinə və yenidən baxılması üçün müvafiq quruma göndərilməsinə nail olmuşdur. Yenidən baxılma artıq 2 ay keçməsinə baxmayaraq baş tutmamış və ya baxılma onun xəbəri olmadan keçirilmişdir. Həmçinin bu barədə həm məhkəməyə, həm də ona heç bir rəsmi cavab göndərilməmişdir. Sadəcə asan pay kabinetinə 22.08.24-cü il tarixində göndərilən ilkin elektron protokolun yalnız tarixi 24.10.24-cü il tarixi ilə dəyişdirilmişdir. Qayda və qanunların əməl olunmasına nəzarət etməli olan DYP idarəsi məhkəmə qərarının baxılması proseduruna və vətəndaş olaraq onun haqq və hüquqlarının qorunması, dövlətimizin inzibati qərarlara baxılması qanununu tapdalamışdır. Əslində məhkəməyə təqdim etdiyi faktlar və maddi sübut kimi ərizəyə əlavə etdiyi video və foto sübutlar onun iştirakı ilə DYP idarəsində araşdırılmalı və protokola xitam verməli və ya kontur arqumentlər göstərməklə biri məhkəməyə digər nüsxəsi isə şikayətçiyə göndərmək şərti ilə qərarı qüvvədə saxlamalı idi. Odur ki, o, məhkəmədən ərizəyə əlavə etdiyi 11.09.24 tarixli məhkəmə qərarını, foto və video sübutlar yazılmış kompakt diski yenidən araşdırılmasını və qarşı tərəfin məhkəmə qərarından şikayət vermə müddətinin keçməsini, müvafiq qurumun 2 ay müddətində hərəkətsizlik göstərdiyini nəzərə alaraq X3 ilə bağlı 24.10.24 tarixli EQ 23134514 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunur ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Onun təqsirli olması “X3 Haqqında” xx.xx.2024-cü il tarixli EQ 23134514 qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədən ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və X3 haqqında elektron qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin və X3 haqqında elektron qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli elektron qərardan görünür ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 90 (doxsan) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə olan halda, məhkəmə iş üzrə qeyd edilmiş şübhələri şikayətçinin xeyrinə həll edir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X3 haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, qərarın qanuniliynə dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclası bu səbəbdən təxirə salınsa da, , X3 haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinun iştirakı təmin edilməmişdir. Belə olan halda, şikayət vermiş şəxsin gətirdiyi dəlillər onun xeyrinə həll edilməklə onun şikayəti təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 23134514 saylı X3 haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar