Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4018/2024 02.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi - X4 iştirakı ilə, X4 xx.xx.2023-cü il tarixli, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın etibarsız hesab edilməsi, 9-cu tağımın YPX-nin Xəlilov Çingiz soyadlı polis baş serjantı və komandir deyilən Rəşad barəsində xüsusi qərar çıxarılması, əsassız saxlama dayanacağında saxlanılan “X11” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili dərhal buraxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ailəsi ilə birlikdə Şəmkir şəhəri istiqamətindən Gəncə şəhər istiqaməti tərəfə hərəkət edərkən 9cu tağımın YPX-nin Xəlilov Çingiz soyadlı polis baş serjantı və onun dediynə görə komandir Rəşad adlı polis əməkdaşı onun idarə etdiyi “X11” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq guya yol hərəkəti qaydasının pozmağına görə ödənilməmiş cərimələrinin olduğunu və bu səbəbdən ona məxsus olan avtomobili saxlama dayanacağında saxlayacaqlarını, avtomobildə olan ailə üzvlərinin isə yol maşını ilə yollarını davam etməyi bildirmişlər. Polis əməkdaşlarına bu halın qanuna zidd olduğunu, vəzifə hədlərini aşdıqlarını, ünvanına heç bir inzibati tənbeh haqqında qərarların bildirişi gəlmədiyini və bu cərimələrdən xəbəri olmadığını bildirsə də, polis əməkdaşı zorla avtomobilini saxlama dayanacağına aparacağını bildirərək, ailə üzvlərini avtomobili tərk etməyə məcbur etmişlər. Bununla da polis əməkdaşları kobud şəkildə onun və ailə üzvlərinin hüquqlarını pozaraq, hüquq normasının müddəalarını bilərəkdən və qəsdən tapdalayaraq, qanunsuz əməl edərək ona məxsus avtomobildən ailə üzvlərini təkidlə çıxartmış, avtomobilin saxlanması ilə əlaqədar heç bir protokol tərtib etmədən, yalnız saxlanca qəbulu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edərək təqdim etmişlər. Azərbaycan Respublikası İXM-nin 97.4-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandıralaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Qeyd edilən inzibati tənbeh haqqında qərarlar ona təqdim olunmadığından, onlar nə vaxt və hansı tarixdə tərtib edilməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən Gəncə şəhər YPİ-nə gedərək qərarların sürətlərini rəsmən verilməsini tələb etdikdən sonra poçt vasitəsilə həmin qərarlar rəsmən xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Həmin inzibati tənbeh haqqında qərarın tərtib olunduğundan 1 il ötmüşdür. Belə ki, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bildirir ki, bu qərarla bir xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilə bilməzdi. Belə ki, İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır, həmin şəxs aşkarlandığı vaxtdan müddətin axımı bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, 9-cu tağımın YPX-nin Xəlilov Çingiz soyadlı polis baş serjantı və komandir kimi təqdim edən Rəşad adlı polis qanun normalarını pozaraq, vəzifə səlahiyyətlərini aşaraq ziddiyətli qərar qəbul etmiş, onun və ailəsinin hüquqlarını kobud şəkildə pozaraq maddi və mənəvi zərər vurmuşlar. Belə ki, onların qanunsuz əməli və təqsiri nəticəsində o, ailəsi qarşısında biabır olmuş, həmdə bu günədək nəqliyyat vasitəsiz əziyyət çəkir. Bu səbəbdən hesab edir ki, ərizə qeydiyyata alınan kimi ədalət bərqərar olub onun saxlama dayanacağından buraxılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən X6 məhkəməyə izahat verərək bildirdi ki, sözügedən inzibati xəta onun tərəfindən törədilsə də, həmin qərar ona qanunvericiliyin tələblərinə əsasən təqdim edilməmiş və ümumiyyətlə həmin qərardan məlumatı olmamışdır. Daha sonra o, İnzibati Xətalar Məcəlləsinin 97.4-cü maddəsinə istinad edərək bildirmişdir ki, barəsində çıxarılmış qərarları X12 İdarəsindən rəsmi olaraq 04 noyabr 2024-cü il tarixdə əldə etmişdir. Həmin qərarlardan xəbəri olmadığına və ünvanına çatmadığına həmçinin qanunvericliyin tələbləri baxımından inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş çıxarışdan görünür ki, EQ 15918220 saylı qərar haqqında məlumat xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsilə Elturan Sadıxova göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; -99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; - 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X6 nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədiyinə görə İXM-nin 339.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixli, EQ 15918220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X3 inzibati xətanı törətməsini etiraf etməsinə baxmayaraq şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sözügedən inzibati xəta onun tərəfindən törədilsə də, həmin qərar ona qanunvericiliyin tələblərinə əsasən təqdim edilməmiş və onun həmin qərardan məlumatı olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXMnin 38.5-ci maddəsinə əsasən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXMnin 38.1-ci maddəsindən görünür ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15918220 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın şəkildə görünür ki, qərardan şikayət vermiş şəxsə inzibati tənbeh inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə xüsusi texniki vasitə ilə aşkar edilərək real vaxt rejimində tətbiq edilmişdir. X2 inzibati xəta törədildiyi gündən bir il müddət keçdikdən sonra yox, elə həmin gün, yəni inzibati xətanın törədildiyi gün inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında da Elturan Sadıxov sözügedən inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etmişdir. Məhkəmə İXM-nin 38.1-ci maddəsinin tələbinə əsaslanaraq şikayət vermiş şəxsin şikayətində qeyd etdiklərinə cavab olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar şikayətçinin şikayətində qeyd etdiyi hallara görə ləğv edilə bilməz. Çünki mübahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15918220 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun qəbul edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, EQ 15918220 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15918220 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4018/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4018/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver