Məhkəmə qərarları › İş №3(125)-4025/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4025/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4025/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Ağazadə İsmayıl Yasin oğlunun iştirakları ilə, xx xxxx 1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 20 oktyabr 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 20 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və onlara əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Ağazadə İsmayıl Yasin oğluna məxsus 250 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs özünü makler kimi təqdim edərək Gəncə şəhərində tələbə olan Ağazadə İsmayıl Yasin oğluna sosial şəbəkə platformasında bir neçə ev şəkli yollamış, Ağazadə İsmayıl Yasin oğlu həmin evlərdən birini bəyənmiş və ona həmin evi kirayə tutacağını bildirmişdir. O, Şəxs ilə 350 manat pula razılaşmışlar, Ağazadə İsmayıl Yasin oğlu həmin evin qarşısına gəlmiş, Şəxs ilə evin qarşısında görüntülü danışan zaman Şəxs evdə yaşayışın olduğunu və iki gün gözləməli olduğunu bildirərək onların 250 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ağazadə İsmayıl Yasin oğlu dəfələrlə Şəxs ilə əlaqə saxlamaq istəsə də, Şəxs 07 oktyabr tarixindən 18 oktyabr tarixinə kimi telefonunu söndürərək ortaya çıxmamışdır. Ona görə də, protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, əməlini etiraf edir. Ağazadə İsmayıl Yasin oğlu ilə 350 manata razılaşmışlar, Ağazadə İsmayıl Yasin oğlunun ayrılıqda 50 manat və 200 manat olmaqla, ümumilikdə 250 manat pulunu mənimsəmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, əslində evi Ağazadə İsmayıl Yasin oğluna kirayə vermək istəsə də, sonradan qiymət məsələsinə görə alınmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Bu ayın sonu Ağazadə İsmayıl Yasin oğluna dəymiş 250 manat ziyanı qaytara bilər. Himayəsində azyaşlı uşaqları var. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ağazadə İsmayıl Yasin oğlu izahatında bildirdi ki, o, Gəncə şəhərində tələbədir. Özünü “makler” kimi təqdim edən Şəxs “İnstagram” sosial şəbəkə platformasında evin şəkillərini paylaşaraq kirayə verəcəyini bildirmişdir. “Azərittifaq”da yerləşən evin qarşısına getmiş, Şəxs ilə evin qarşısında görüntülü danışan zaman Şəxs ona evin girişini göstərmiş, həmçinin evdə yaşayış olduğunu, evin qiymətini sahibi ilə razılaşacağını və bir-iki gün gözləməli olduğunu bildirmişdir. Həmin gün, yəni oktyabrın 7-si Şəxs kartına beh kimi 200 manat atmış, bundan iki-üç gün sonra Şəxs ona daha 50 manat atmalı olduğunu bildirmiş, Şəxs ümumilikdə onun 250 manatını ələ keçirmişdir. Şəxs dərhal borcunu qaytara biləcəyi təqdirdə ondan şikayətçi olmayacaq, əks təqdirdə onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Ağazadə İsmayıl Yasin oğluna məxsus 250 manat pulun özünü “makler” kimi təqdim edən Gəncə şəhəri, İ.Qayıbov küçəsi, ev 88-də qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirib mənimsənilməsi barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -“İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 19 oktyabr 2025-ci il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-2186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 19 oktyabr 2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar