Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4038/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inziati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, 06 noyabr 2024-cü il tarixində dövlət qeydiyyat nömrəsi **-RP-*** olan, MERCEDES BENZ ACTROS 1844 LS markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZG-*** dövlət qeydiyyat nömrəli TRAİLER markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ 24533850 nömrəli protokolla qeyd olunmuş 600 AZN məbləğində cərimə bildirişi gəlib. X4 Məcəlləsinin 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları, həmçinin Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacaq yüklərinin yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, bu da öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə vəziyyət yaradır. Həmçinin benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatına son qoya bilər. Odur ki, müraciətini nəzərə alaraq tərtib olunan protokolların araşdırılıb, ədalətli qərar verilməsinə və cərimə məbləğinin silinməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəməyə ərizə təqdim edib, şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X5 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X9 1844LS” yük markalı, Yəhərli Dartıcı tipli, **- RP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin maksimal kütləsi 19000 kiloqram, yüksüz kütlə 8049 kiloqramdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZG-*** dövlət qeydiyyat nömrə nişanlı, TRAİLER Yarımqoşqu markalı, yanacaq çəni tipli nəqliyyat vasitəsinə icazə verilmiş maksimal kütlə 34000 kiloqram, yüksüz kütlə 6570 kiloqramdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin rəisi ilə razılaşdırılmış sənəddən görünür ki, “X9 1844LS” markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı, TRAİLER markalı **-ZG-*** dövlət qeydiyyat nömrə nişanlı yarım qoşqu yanacaq çəni nəqliyyat vasitəsində daşınan yükün çəkisi 37.6 ton müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, nəqliyyat vasitəsi ona verilmiş sənədlərə əsasən zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartlara uyğundur. Ona görə də avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyildir. Həmin nəqliyyat vasitəsinə daşınan yükün (yanacağın) az doldurulması həm nəqliyyat vasitəsini idarəetmə baxımdan, həm də fövqəladə vəziyyət baxımından təhlükəlidir. Bundan əlavə qeyd olunanlarla yanaşı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “X9 1844LS” yük markalı, Yəhərli Dartıcı tipli, **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin maksimal kütləsi 19000 kq, yüksüz kütlə isə 8049 kq, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində **- ZG-*** dövlət qeydiyyat nömrə nişanlı, TRAİLER Yarımqoşqu markalı, yanacaq çəni tipli nəqliyyat vasitəsinə icazə verilmiş maksimal kütlə 34000 kq, yüksüz kütlə isə 6570 kq, müvafiq vəzifəli şəxslər ilə razılaşdırılmış sənəddə isə “X9 1844LS” markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı, TRAİLER markalı **-ZG-*** dövlət qeydiyyat nömrə nişanlı yarım qoşqu yanacaq çəni nəqliyyat vasitəsində daşınan yükün çəkisi 37.6 ton müəyyən edilmişdir. Yəni həmin sənədlərə əsasən nəqliyyat vasitəsinin yüksüz kütləsi 8049 kq, TRAİLER Yarımqoşqu markalı, yanacaq çəni tipli nəqliyyat vasitəsinin yüksüz kütləsi 6570 kq olmaqla cəmi 14619 kq, TRAİLER Yarımqoşqu markalı, yanacaq çəni tipli nəqliyyat vasitəsinə icazə verilmiş maksimal kütlə isə 34000 kq təşkil edir. Belə olan halda həmin nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 42049 kq təşkil edir. Amma həmin avtomobil yolunda isə icazə verilən maksimum kütlə 40000 kiloqramdır. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati tənbeh edilməsi işin faktiki hallarına uyğun deyil və İXM-nin prinsiplərinə ziddir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalı, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24533850 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4038/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4038/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver