Məhkəmə qərarları › İş №3(125)-4042/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4042/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4042/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iş üzrə şahidlər – X5, X9 və X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci polis şöbəsinin sahə rəisi, polis kapitanı Pərviz Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 13 noyabr 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “Qərargah” adlanan yerdə “Vaz 2106” markalı “**-GM-***” dövlət qeydiyyat nişanlı maşının sahibi polis əməkdaşlarını görüb maşını saxlamış və ona yaxınlaşdıqda içkili olduğu məlum olduğundan polis əməkdaşlarına nalayiq söyüşlər işlədərək tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Pərviz Hüseynov çıxışında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qardaşı ilə avtomobildə oturan zaman YPX əməkdaşları yaxınlaşaraq onlardan sərxoş olub olmadıqlarını soruşmuş, qardaşı isə cavabında içkili olduğunu, lakin avtomobili idarə etmədiyini bildirmişdir. Bundan sonra polislərlə qardaşı arasında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları qardaşını döydükləri üçün o, söhbətə müdaxilə etmiş və polisə müqavimət göstərək qardaşını müdafiə etmişdir. Bir müddət sonra polis əməkdaşları onların hər ikisini şöbəyə aparmış və şöbədə onları təhqir etmiş və döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxışında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:30 radələrində Gülüstan qəsəbəsində xidmətdə olarkən “Vaz 2106” markalı “**-GM-***” dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini və sonra isə dayanıb sonradan hərəkətə başladığını gördükdə avtomobilə yaxınlaşmışdır. O, sürücüdən spirtli içkinin qoxusu gəldiyi üçün alkotestdən keçməyə dəvət etdikdə sürücü onunla mübahisə edərək nəlayiq ifadələr işlətmişdir. O, sürücünü nizam intizama dəvət etsə də, sürücü sakitləşməmiş və yanında olan sonradan adını bildiyi sürücünün qardaşı Şəxs da sürücü ilə birlikdə ona və polis əməkdaşlarına müqavimət göstərərək polisin ünvanına söyüşlər söymüşdür. Daha sonra sürücünü və Zabit Salmanovu 1-ci polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxışında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:50 radələrində xidmətdə olarkən DYP əməkdaşları Gülüstan qəsəbəsi, “Qərargah” adlanan əraziyə köməklıik göstərmək üçün çağırış etmiş və həmin əraziyə yaxınlaşdıqda 2 nəfər şəxsin adları sonradan məlum olan X3 və X2 DYP əməkdaşları ilə mübahisə etdiklərini görmüşdür. Onları sakitləşdirməyə çalışsalar da polisin qanunu tələbinə tabe olmamış, əksinə polisin ünvanına alçaldıcı ifadələr işlədərək təhqirə yol vermişlər. Hər iki vətəndaşı dəfələrlə nizam intizama dəvət etsələr də onlar öz əməllərini davam etdirdikləri üçün 1-ci PŞ-nə gətirmişlər. Sonda isə həmin şəxslər barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 çıxışında X7 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 01:40-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü il tarixli, 4039/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti orta dərəcəli alkoqol sərxoşluqdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs gənc olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, inzibati xətanı sərxoş halda törətməsi isə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar