Məhkəmə qərarları › İş №3(125)-4047/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4047/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4047/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cavadxan qəsəbəsində 300 manat pul alıb Zəhra Əliyevadan mənimsəmiş və ona qarşı dələduzluq etmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cavadxan qəsəbəsində 300 manat pul alıb Zəhra Əliyevadan mənimsəmiş və ona qarşı dələduzluq etmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirmiş və protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 çıxışında bildirmişdir ki, evində suvax işləri gördürmək üçün Gəncə şəhəri Avtazavod dairəsi adlanan ərazidə yerləşən fəhlə bazarına getmiş, orada əvvəlcədən tanıdığı Nicat adlı şəxsə yaxınlaşaraq “evimdə suvax işi var”, “görə bilərsənmi demiş”, həmin vaxt adı ona sonradan məlum olan Röyal adlı şəxs yaxınlaşaraq bəli, birlikdə görərik demiş, o da Nicatın nömrəsini götürüb sizə xəbər edəcəm demişdir. Daha sonra 300 manat pulu Röyala vermişdir. Röyal 300 manat pulu götürüb getmiş, həmin vaxt Nicatda gəlib çıxmışdır. Röyal haradadır deyə soruşmuş, o isə sənin qohumundur deyə 300 manat pulu inanıb vermişəm demişdir. Nicat isə Röyalın qohumu olmamasını, onu fəhlə bazarından tanımasını bildirmişdir. Bundan sonra o Röyalın nömrəsinə bir neçə dəfə zəng etdikdən sonra 10 gün gözləmiş və daha sonra Röyal adlı şəxsin onu aldatmasını başa düşərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ümumilikdə ona 300 manat dəymiş maddi ziyanın ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını nəzərə çatdırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxışında törətdiyi əməli etiraf edərək ona vaxt verilərsə pulu ödəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 14 noyabr 2024-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 məxsus 300 manat pulu dələduzluq yolu ilə mənimsəyən Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 4-cü PB-nə göndərilmiş, vətəndaşın müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - 14 noyabr 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:42-də inzibati qaydada tutulmuşdur. - Şəxs məhkumluğu barədə portaldan çıxarışdan görünür ki, o, 2022-ci və 2024-cü illər ərzində dəfələrlə İXM 227-ci maddələri üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:42 dəqiqədən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar