Məhkəmə qərarları › İş №3(125)-4050/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4050/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4050/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində Opel Astra H minik markalı **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobili var. 15 noyabr 2024-cü il tarixdə Gəncə şəhər DYPŞ-dən aldığı məlumata görə, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24082234 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə olunmağı qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin inzibati xətanı törətməsi barədə ümumiyyətlə məlumatı olmamış və bu barədə ona nə sms nə də rəsmi qaydada məlumat verilməmişdir. Onun inzibati məsuliyyətə cəlb olunması barədə məlumatı olmamış, ünvanına qərarın surəti göndərilməmişdir. Halbuki inzibati xətanı guya xx.xx.2024-cü il tarixində törətməsi barədə inzibati qərarda qeyd edilmişdir. Təhlükəsizlik şəhər kameralarından çəkilən görüntüylə həmçinin mülkiyyətində olan Opel Astra H minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili tərk etmədiyi halda inzibati cərimə tətbiq edilmişdir. Onun barəsində tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil. Hesab edir ki, tərtib olunmuş qərar maddi və prosessual hüquq normalarının kobud pozulması ilə tərtib edilmişdir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Baş X10 İdarəsinin əməkdaşına bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 İXM-in 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, M.Bağırov küçəsində xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X3 şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati xətanı törətməsi barədə ümumiyyətlə məlumatı olmamış və bu barədə ona nə sms nə də rəsmi qaydada məlumat verilməmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında qərarın tətbiq olunmasında istifadə edilən kameranın tipi vahid vaxt rejimində avtomatlaşmış formada inzibati cərimə tətbiq etmək üçün yox şəhər ərazisində müşahidə aparmaq təyinatındadır. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1- 001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilsin: “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X2 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta DİN-nin “Təhlükəsiz şəhər” müşahidə kameraları vasitəsi ilə aşkar edilərək, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Şikayət vermiş şəxsin ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-də inzibati xətaların yalnız xüsusi texniki vasitələrlə qeydə alınması nəzərdə tutulmamışdır. Belə ki, İXM-nin 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. Bundan başqa şikayət ərizəsində E.İmanov inzibati xətanı törətməsi barədə ona məlumat verilmədiyini bildirmişdir. Məhkəmənin sorğusuna əsasən müvafiq dövlət orqanı tərəfindən təqdim edilmiş inzibati xəta haqqında bildirişin çatdırılma cədvəlindən görünür ki, “ASAN SMS” vasitəsilə şikayətçiyə inzibati xəta törətməsi barədə real vaxt rejimində yəni xx.xx.2024-cü il tarixdə məlumat göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İXM-in 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24082234 nömrəli elektron qərar İXM-in müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X4 Azərbaycan Respublikası İXM-nin 346.4-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24082234 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar