Məhkəmə qərarları › İş №3(125)-4058/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4058/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4058/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, O, 16 oktyabr 2025-ci il tarixdə mülkiyyətində olan “Ford Fusion” minik markalı **-FG-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini Gəncə şəhəri, B.Əliyev küçəsi ilə əks istiqamətdə idarə edərkən DPY kamerası tərəfindən müəyyən olunmuş və barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Qeyd olunan inzibati protokol qanunsuzdur və bu səbəblərdən ləğv edilməlidir. Belə ki, “Yol hərkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsində yolun nişanlanması nəzərdə tutulmuşdur. Həmin maddənin İ bəndinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin maddənin İl bəndinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Həmin maddənin Vİ bəndinə əsasən 1.1 üfüqi nişanı (Qanunun 5 aylı əlavəsi) əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. 1.19-cu üfüqi nişanı isə yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Protokolda nəzərdə tutulan küçənin başlanğıcında əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlanma xətlərinə yaxınlaşmanı göstərən üfüqi nişan yoxdur. Həmin maddənin ll-l bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlanma xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət yolverilməzdir. Aşkar edilmiş ziddiyyət təxirə salınmadan aradan qaldırılmalıdır. Bunları nəzərə çatdıraraq barəsində qəbul edilmiş inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Gəncə şəhəri, B.Əliyev küçəsində yol iki tərəflidir. O, həmin yolu əks istiqamətdən gəlmiş və yol nişanını görməmişdir. Belə ki, yol xətti pozulmuş vəziyyətdə olmuş və təxminən 5 metr getdikdən sonra isə yolda yeni xəttin çəkildiyini görmüşdür. O, həmin xətti tapdalamağa icazə olmadığına görə məcbur qalıb manevri sona qədər davam etdirmişdir. Həmin an önündən avtomobil gəlməmiş, əksinə onunla eyni istiqamətdə yəni əks yola çıxan digər avtomobillər də hərəkətdə olmuşdur. Bir gün sonra əks istiqamətdə getdiyi üçün ona cərimə gəlmiş və bundan sonra DYPİ-nə gedərək hadisə barədə məlumat vermiş və onlara yolda xəttin dəyişməsi ilə bağlı heç bir nişanın qoyulmadığını bildirmişlər. İfadəsinin sonunda barəsində qəbul edilmiş qərarın ləgv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 şəhəri B.Əliyev küçəsində 16 oktyabr 2025-ci il tarixdə, saat 14:25:20 radələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla otmə qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində EQ 31339957 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXMin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilmişdir. “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-in 327.2 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Belə ki, İXM-in 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli qərar İXM-in müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, F.Quliyevin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31339957 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar