Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4070/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Samux rayonu, Qırmızı Samux kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:40 radələrində YPX əməkdaşının qanuni işini görməyə müdaxilə etmiş, dəfələrlə nizam-intizama dəvət edilsə də əməllərini davam etdirmiş və hədə-qorxu gəlmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X3 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:40 radələrində YPX əməkdaşının qanuni işini görməyə müdaxilə etmiş, dəfələrlə nizam-intizama dəvət edilsə də əməllərini davam etdirmiş, ictimai asayişi pozmuşdur. Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət edilmiş, barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə zamanı Qoşqar adlı dostunun yanında oturmuş, Qoşqar adlı dostunun avtomobilini duracağa yerləşdirən zaman PPX əməkdaşları X2 getməli olduğunu bildirmiş, Qoşqarı tək qoymamaq üçün onunla Dispanserə getmişdir. Qoşqar sidik analizini vermək üçün müəyyən müddət gözləməyi bildirdiyi üçün Dispanserin qabağında qışqıraqışqıra Qoşqarı qolundan tutub çölə çıxararaq Qoşqarın qolunu arxadan buraraq başını aşağı salmışlar, bunu görən zaman qorxduğundan qışqıraraq ünvansız söyüş söymüş, Qoşqarın ya özünün öldürəcəyini, ya da onların Qoşqarı öldürəcəyini demişdir. Polis əməkdaşları ondan kimi öldürəcəyini soruşanda özünün kimisə öldürməyəcəyini, Qoşqarın ya özünün öldürəcəyini, ya da onların Qoşqarı öldürəcəyini demişdir. Polis əməkdaşlarının nizam-intizamına tabe olmuşdur. 1-ci Polis şöbəsinin 4-cü mərtəbəsində, Dilqəm müəllimin otağında YPX əməkdaşı Şahbazov Vüsal ilə oturan zaman həmin polis əməkdaşı onun söyüşü əsəbi formada dediyini təsdiq etmiş, polis əməkdaşlarına söyüşü əsəbi formada dediyini, fikrini səhv ifadə etdiyini bildirmişdir. Hadisə baş verən zaman əsəbi idi, belə ki, “panik atak” xəstəliyindən əziyyət çəkir. Xəstə olmasına dair sübutu yoxdur. Niyyəti polis əməkdaşlarını söymək olmamışdır, əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, o, polis əməkdaşlarına qarşı “səni öldürəcəm, varyoxunuzu s***m” ifadəsini işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin inspektoru, polis baş serjantı X4 ifadəsində bildirdi ki, Qoşqar adlı şəxs sidik analizi vermək üçün Narkoloji Dispanserə gətirilmiş, lakin Dispanserin qabağında Qoşqar analiz verməkdən imtina edərək bunun üçün 4-5 saat gözləməli olduqlarını bildirmişdir. Bundan sonra avtomobili idarə edən Qoşqar adlı şəxs özünəməxsus telefonu cibindən çıxararaq videoçəkiliş etməyə başlamış, Qoşqar xidməti avtomobilə yerləşdirilən zaman avtomobildə sərnişin qismində olan Şəxs qışqıraraq onlara “varyoxunuzu belə-belə eləyim” deyə söyüş söymüş, həmçinin onları öldürəcəyini bildirmişdir. Bunu təsdiq edən videogörüntülər var, belə ki, görüntü qaranlıq olsa, səs yazısı aydın eşidilir. Həm Qoşqar adlı şəxs, həm də Şəxs xidməti post-patrul avtomobilinə yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin inspektoru, serjant X5 ifadəsində bildirdi ki, avtomobilin sürücüsü Qoşqar adlı şəxs sidik analizi vermək üçün Narkoloji Dispanserə gətirilmiş, lakin o, sidik analizi verməkdən imtina etmişdir. Bundan sonra Qoşqar xidməti post-patrul avtomobilinə yerləşdirilən zaman polisə müqavimət göstərmiş, avtomobildə sərnişin olan Şəxs arxadan qışqıraraq “sizi öldürəcəm, sizi öldürməyənin...” nalayiq ifadələr işlətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. -“CD” diskdə olan səs yazısından məlum olur ki, Şəxs polis əməkdaşlarına qarşı heç bir səbəb olmadan təhqiredici nalayiq söyüşlər söyüb onları təhqir etmişdir. Bu barədə məhkəmə iclas zalında səs yazısına qulaq asdıqdan sonra barəsində inzibati icraat aparılan şəxsə səs yazısında nə dediyi soruşulduqda, ifadəsində “səni öldürəcəm, varyoxunuzu s***m” dediyini bildirmiş, nə üçün belə ifadələr işlətdəiyini soruşduqda, o, cavab olaraq bildirmişdir ki həmin vaxt əsəbi olmuşdur, həmçinin “panik atak” xəstəliyindən əziyyət çəkir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və şahid ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsiri özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs uca səslə nalayiq ifadələr işlədərək ətrafdakılara hörmətsizlik etmiş, ictimai qaydanı pozmuşdur. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 21 oktyabr 2025-ci il tarixdən, saat 19:30-dan hesablanmalıdır. Məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən halı - əməlini etiraf etməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 oktyabr 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4070/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4070/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver