Məhkəmə qərarları › İş №3(125)-4084/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4084/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4084/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olan “NİSSAN SUNNY” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Ona məxsus avtomobillə Gəncə şəhəri, Atatürk prospekti ilə, X5 küçəsinin kəsişməsi ilə xx.xx.2025-ci il tarixində saat 12:02 radələrində hərəkətdə olarkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə yəni əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında 10 oktyabr 2025-ci il tarixli, EQ 31212004 nömrəli qərar qəbul edilərək 100 (bir yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş cərimə ilə razı deyil. Belə ki, barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar “Yol Hərəkəti” haqqında qanuna zidd olaraq tərtib edilmişdir. Belə ki, yolun əks istiqamət olduğunu qeyd edən heç bir yol nişanı və xətlənmə mövcud deyil. Avtomobillə hərəkətdə olarkən həmin yolun başlanğıcından yolun sonuna kimi 10 (on) metr məsafəyədək yolda tam manevr edilməsi üçün xətlənmə aparılmışdır. Buna baxmayaraq heç bir əsas olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən xüsusi texniki vasitə ilə deyil, təhlükəsiz şəhər kamerası ilə müəyyən edilmiş və cərimə edilmişdir. Yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Lakin Gəncə şəhəri, Atatürk prospekti ilə, X5 küçəsinin kəsişməsində olan qanunsuz yol nişanlanması avtomobilllərin hərəkətini və buraxılış qabliyyətini yaxşılaşdırmaq əvəzinə daha da məhdudlaşdırır. Ona məxsus avtomobilə tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil. Bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbeh vermə barədə qərar ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti ilə, X5 küçəsinin kəsişməsində hərəkətdə olarkən yolun qırıq-qırıq xətlərlə xətləndiyini görərək ötmə əməliyyatı etmiş, işıqfora 3 metrə yaxın məsafə qalmış düz xəttin olduğunu görmüşdür. Belə ki, yolun əks istiqamət olduğunu qeyd edən heç bir yol nişanı və xətlənmə mövcud deyil. Həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən xüsusi texniki vasitə ilə deyil, təhlükəsiz şəhər kamerası ilə müəyyən edilmiş və cərimə edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, videogörüntüdəki avtomobil ona məxsusdur, qayda pozuntusuna yol verdiyini etiraf edir. Lakin yolda hər hansı xəbərdaredici nişan olmadığından yolun əks istiqamətli olduğunu bilməmişdir. Hazırda isə yolun əks istiqamətli olduğunu bilir. Sonda xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -İş materiallarında olan “DVD” diskdən görünür ki, X4 “Nissan Sunny” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 11:59-da əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXMin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilmişdir. “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.” “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.” Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-in 327.2 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi DVD-diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Belə ki, inzibati xəta törədilən ərazidə - yolda olan qısa qırıq xətlərin uzunluğu və ara məsafəsi yavaş-yavaş azalır, yəni əvvəl uzun və aralı olan qırıq xətlər tədricən daha qısa və daha yaxın vəziyyətdə çəkilib. Bu hal sürücüyə əvvəlcədən xəbərdarlıq edir ki, ötmə əməliyyatını qadağan edən bütöv xətt başlayır. Qeyd edilənlərə əsasən isə qərardan şikayət vermiş şəxs yolun bütöv xətt çəkilmiş hissəsinə çatana qədər hərəkətdə olduğu yolun sol zolağından sağ zolağına keçməklə hərəkətini davam etdirməli idi. Odur ki, İXM-in 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli qərar İXM-in müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında həm X2 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etməsi ilə bağlı öz etirafı, həm də videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. O, inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd edir ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etməklə yol hərəkəti qaydalarını pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31212004 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar