Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4099/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X7, şikayətçi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X10 çıxışında hadisəni görmədiyini, protokolu isə təhqiqatçının raportu və qərarı əsasında tərtib etdiyini bildirərək Şəxs X4 döyməsini, habelə onun həm hadisə yerində, həm də inzibati binanın tərkibində ucadan nalayiq ifadələr işlədərək ətrafdakı polis əməkdaşlarının iş rejimini pozduğunu bildirmişdir. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, X8 onun qonşusudur. O, yaşadığı mənzilin qarşısına qum və smenti künc tərəfdə qoymuşdur ki, lazım olduqca istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində qonşusu Füzuli ilə binada rastlaşmış, qonşusu ona qum və smentin atmasını tələb etmiş, o, isə həmin qumun və smentin lazım olduğunu deyib işə getmişdir. Həmin tarixdə günorta saatlarında evə qayıtdıqda binada qapısının qarşısında Füzulinin arvadı Kifayətlə rastlaşmış, Kifayət nə üçün əri ilə ağızlaşdığını soruşaraq naləyiq ifadələr işlətmişdir. O, da söyülən söyüşlər qarşılığında Kifayəti söymüşdür. Daha sonra evinə getmişdir. Bu zaman Kifayət onu təhqir etmişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlib onu 2-ci Polis Şöbəsinə dəvət etdikdə sakitcə onlarla bölməyə getmişdir. Bölmədə təhqiqatçı Kifayətə təpik-şillə atdığını bildirdikdə özündən çıxmış və bu zaman mülki geyimdə olan polis onu döymüşdür. O, Kifayəti döymədiyini qeyd edərək ona şər və böhtan atıldığını bildirmişdir. Sonda isə məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X8 ifadəsində bildirmişdir ki, Şəxs onun qonşusudur. xx.xx.2025-ci il tarixdə əri Füzuli ona binaya gətirdiyi və mənzilini qarşısına qoyduğu sment və qumu atmasını demiş, bu zaman K.Əsəgorva Füzulini söyüb təhqir etmişdir. Füzuli xəstə olduğu üçün çıxıb getmişdir.Təxminən 2 saat sonra Kəmaləddin onun yaşadığı mənzilin qapısına gəlib, qapıdan olan dibçək güllləri yerə salaraq məhv etmiş və onu söyərək təhqir etmişdir. O, evdə tək olmuş və Kamaləddinə nə üçün belə etməsini soruşduqda sonuncu üzərinə gəlib ona sillə vurmuş, telefonu başına və sinəsinə çırpmışdır. Hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bədənində hər hansı göyərmə izi olmadığına görə ekspertizadan keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, vətəndaş X8 “102” zəng xidmətinə qonşusu Şəxs tərəfindən döyülməsi ilə bağlı şikayət etmişdir. Bununla bağlı şikayətçinin ünvanına gedilərək ərizəsi alınmış, sonra Şəxs şöbəyə dəvət etmişdir. Şöbədə Şəxs qarşı tərəfin gəlməyini gözləməsini və rəhbərliyin qəbul edəcəyini bildirdikdə o, səs-küy salmağa başlamış, şöbə daxilində tabesizlik göstərərək iş rejimini pozmuşdur. Məhkəmə iclasında müdafiəçi X9 çıxışında Şəxs əməlində döymə faktı ilə bağlı ekspert rəyinin və hadisəni görən şahidlərin olmamasını əsas gətirərək törətdiyi inzibati xətanın sübuta yetirilmədiyini bildirmişdir. O, Şəxs polis bölməsində səs-küy salmasına səbəb kimi isə onun qolundan tutularaq aparılmasını qeyd edərək bu halın tabesizlik olmadığını diqqətə çatdıraraq protokolun təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: - 24 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 23 oktaybr 2025-ci il tarixdə X4 döyərək ona fiziki ağrı yetirmişdir. - xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ictimai yerdə və Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. X1 hər hansı xəsarətin yetirilməsini təsdiq edən (ekspert rəyi, iş üzrə şahidlər) mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən döymə faktı sübuta yetirilməmişdir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hal hesab edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən (28 aprel 2025-ci il tarixli 141 saylı dəyişiklik nəzərə alınmaqla) hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. Bununla bağlı Şəxs məhkəmədə 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 44 manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs 4 saat hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4099/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4099/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver