Məhkəmə qərarları › İş №3(125)-412/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-412/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-412/2022 13.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2403/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 150 (yüz əlli) manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdi. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş izahatı alınmış məhkəmə qətnaməsində göstərilən 150 manat məbləğində alimentin ödənilməsi tələb olunmuşdur. Lakin borclu pulu olmadığını əsas gətirərək ödəməkdən boyun qaçırmışdır. Bununla da, borclu Cəfərov X2 Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda Şəxs aliment borcu 13050 manat təşkil edir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, aliment borcundan tələbkar Zərərçəkmiş şəxs uzun müddətdir ki, heç bir ödəniş etməmiş və hal-hazırda Şəxs aliment borcu 13050 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırıb. Maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilmir. İnzibati xəta haqqında iş məhkəmənin icraatında olduğu müddətdə isə heç bir ödəniş edə bilməmişdir. O, hər ayın sonunda az miqdarda olmaqla ödəniş edə biləcəyini qeyd etmişdir. Lakin hazırda ödəniş etmək imkanı yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs inzibati xətanı qərəzli olaraq törətmədiyini bildirərək, onun bağışlanmasını məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs dəfələrlə yalan vədlər verməklə ona olan aliment borcunu uzun müddətdir ki, ödəməkdən boyun qaçırır və onun hal-hazırda aliment borcu 13050 manat təşkil edir. Bununla yanaşı Şəxs aliment ödəməli olduğu iki qız övladı ilə maraqlanmadığını və onlara ata qayğısı göstərmədiyini də qeyd etmişdir. Qeyd olunanların nəzərə alınmasını və onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 2403/2015 nömrəli, Şəxs hər ay hər uşağa görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2403/2015 saylı, 04 iyun 2015-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2403/2015 saylı, 04 iyun 2015-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, qətnamənin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs aliment borcunu icra sənədi ilə müəyyən edildiyi kimi yox, özünün müəyyən etdiyi miqdarda ödəməklə icra sənədinin icrasından yayınmış və tələbkarla aliment borcunun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmənin icraatında olduğu 1 (bir) ay 25 (iyirmi beş) gün müddətində məhkəmə tərəfindən ona tələbkarla barışıq əldə edilməsi üçün dəfələrlə (beş dəfə) möhlət verilməsinə baxmayaraq, o, bundan sadəcə sui-istifadə etmiş və iki qız övladı üçün ödəyəcəyi aliment borcunu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, aliment borcu ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 13 oktyabr 2022-ci il saat 11:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar