Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4148/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Gəncə şəhəri, Cavadxan küçəsi, ev 21A-da qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 343.2, 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən və Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 343.2, 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində və Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 27 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00-da Gəncə şəhər DYPŞ-nin inzibati binasında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş İXP seriyalı, 751202 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 343.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:00-21:00 radələrində Gəncə şəhəri Nizami prospektində Heydər Əliyev parkının qarşısındakı işıqforda yol nəqliyyat hadisəsinin olması barədə post-patrul xidmətindən məlumat daxil olmuş, o əks istiqamət zolağına çıxaraq qoşa xəttin tələbini pozmuşdur. Yol-nəqliyyat hadisəsi oktyabrın 19-u olsa da, inzibati xəta haqqında protokol 21 oktyabrda tərtib olunub. Şəxs sərxoş vəziyyətdə olduğu üçün test verməsi üçün aparılmış, ona dəfələrlə, yəni təxminən 4 dəfə sərxoşluq testindən keçməsi təklif edilsə də, o, test verməkdən imtina etmişdir. Şəxs nə içdiyini soruşduqda, o gülə-gülə meyvə şirəsi içdiyini demişdir. Şəxs izahat verməkdən imtina etmiş, ona avtoqəzanın baş verdiyi günün sabahısı gün işin məhkəmədə baxılacağı bildiriləndə, “başa düşmədim siz niyə varsınız” demiş, bundan sonra çıxıb getmişdir. Belə ki, nəqliyyat vasitəsinin ödənilməmiş cəriməsi olduğundan onun üzərinə həbs qoyulmuşdur, buna görə də avtomobil cərimə meydançasına yerləşdirilmişdir. O, səhhəti ilə əlaqədar Bakıda olan vaxt Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gəlmiş, səs-küy salaraq cərimə meydançasında olan avtomobilini tələb etmiş, buna görə də xx.xx.2025-ci il tarixdə barəsində AR İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə gətirilmiş, məhkəmənin qərarı ilə 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra Şəxs dünən, yəni xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00 radələrində xidmətdə olan zaman Gəncə şəhər DYPŞ-nin inzibati binasına daxil olaraq maşının buraxılmasını tələb etmiş, ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş və ondan bu əməllərini dayandırmasını tələb etdikdə isə bu əməllərini davam etdirərək DYPŞ-nin Mühafizə olunan duracağına qaçmış, oradan ona məxsus avtomobilinə əyləşərək maşınını idarə edərək Mühafizə olunan duracağının qapılarını sındırmış, həmçinin oradan yayınmağa cəhd etmişdir. Lakin polis əməkdaşları onun qarşısını kəsmiş, bu zaman ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və ondan bu əməllərini bitirməsini tələb etdikdə isə o, polisin qanuni tələbinə tabe olmayaraq əməllərini davam etdirmişdir. Şəxs dəfələrlə eyni hərəkətləri təkrar etdiyi üçün qeyd etdiklərinin nəzərə alınaraq sürücülük hüququ məhdudlaşdırılmaqla ən sərt inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X1 raportu əsasında protokol tərtib olunmuş, lakin Şəxs etiraz edərək izahat verməkdən imtina etmişdir. İmtina barədə akt tərtib olunmuşdur. Odur ki, protokolu müdafiə edərək Şəxs barəsində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, baş vermiş avtoqəza hadisəsi nəticəsində onun avtomobilinə başqa avtomobil tərəfindən toxunulub. Bundan sonra avtomobilini cərimə meydançasına yerləşdirmişlər, hazırda da avtomobil oradadır. Bununla bağlı Gəncə şəhər DYPŞ-nin YPXnə müraciət etmiş, ona cavab olaraq bildirmişlər ki, “get, hələ sənin işin bilinmir”. Sərxoşluğun müayinəsi üçün test verməkdən imtina etmişdir. Ondan nə içdiyi soruşulanda cavabında çay və ya kofe içdiyini bildirmişdir. Avtoqəza baş verəndən 3 gün sonra avtomobili ilə bağlı cərimə meydançasına getmişdir. Ümumiyyətlə avtomobilinin cəriməsinin olması barədə ona heç kim tərəfindən məlumat verilməmişdir, çünki əlilliyi təyin olunan vaxt ona sürücülük vəsiqəsinin ləğv olunduğu deyilmişdir, o da elə bilirdi ki, sürücülük vəsiqəsinə görə avtomobili cərimə meydançasında saxlanılır. Çünki polislər də ona avtomobilinin cərimə meydançasında buna görə saxlanıldığını demişdir. Hadisə baş verəndən sonra ona məlum olmuşdur ki, sürücülük vəsiqəsi qüvvədədir. Bu barədə polis əməkdaşlarına bildirsə də, bu dəfə də avtomobilin buraxılmama səbəbi kimi onun müayinədən keçməməsini bildirmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, test verməkdən imtina etməsinin səbəbi həmin vaxt əsəbi olmasıdır. Bu isə onun sağlamlıq vəziyyəti ilə əlaqədardır. Ümumiyyətlə 10 ilə yaxındır ki, spirtli içkilər qəbul etməsə də, son 1 aydır ki, spirtli içki qəbul edir. Hadisədən qabaq spirtli içki qəbul etsə də, nə qədər əvvəl qəbul etdiyini xatırlamır. Sərxoşluğun müayinə edilməsi üçün test verməkdən imtina etməsini etiraf edir. Videoda görünən şəxs özüdür. xx.xx.2025-cil tarixdə cərimə meydançasına yaxınlaşaraq məhkəmə qərarı ilə 150 manat cərimə olunduğunu bildirərək avtomobilini tələb etmişdir. Onu həmin əsəbi vəziyyətə çatdıran məhz polis əməkdaşı olmuşdur, avtomobil özünə məxsus olduğu üçün onu cərimə meydançasından götürə biləcəyini düşünmüşdür. Belə ki, 44 günlük Qarabağ müharibəsində iştirak etmişdir, əlilliyi olan qazidir, hazırda sağlamlıq vəziyyətinə görə işləyə bilmir. Sağlamlıq vəziyyətinin nəzərə alınaraq ona aşağı həddə cərimə təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş -19 oktyabr 2025-ci il tarixli, 3611/2025 nömrəli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs müayinədən imtina etmişdir. -“İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. -“Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs 2-ci və 3-cü qrup əlildir. -İş materiallarına hadisənin görüntülərini əks etdirən 01 ədəd “CD” disk əlavə edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-1539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-1878/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 100 (yüz) manat cərimə tənbehi tətbiq edilmiş, Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-4100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Ona görə də, məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXMnin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olmasını və 2-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs son bir il ərzində eyni inzibati xətanı törətməkdə təqsirli bilinərək, iki dəfə ayrılıqda 100 və 150 manat inzibati cərimə edilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində 343.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-in 343.2, 510 və 535.1-cü maddələri ilə yanaşı, həmçinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-in səlahiyyətinə aid olduğundan Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Şəxs məhkəmə iclasında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4148/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4148/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver