Məhkəmə qərarları › İş №3(125)-4169/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4169/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4169/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 221.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsinin baş direktor müavini X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokola əsasən Gəncə şəhəri, Atatürk prospekti, B- 259 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il tarixdə, saat 12:15-də dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Tegretol CR 200 mg №20” və s. adlı dərman vasitələri və aptek təşkilatlarına dair tələblərin pozulması faktları aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (əməkdaşı) Nümayəndə1 izahatında bildirdi ki, Gəncə şəhəri, Atatürk prospekti, B-259 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə işləyir. Aptekin fəaliyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsi tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Tegretol CR 200 mg №20” və s. adlı dərman vasitələri və aptek təşkilatlarına dair tələblərin pozulması faktları aşkar edilmişdir. Qeyd olunan faktları etiraf edir, yoxlama zamanı sözügedən dərman vasitələri aptekdə olsa da, hazırda həmin dərmanlar aptekdə yoxdur. Həmçinin yoxlama zamanı və hazırda da aptekdə müdir otağı, sarğı-material otağı və anbarda kondisioner yoxdur. Dərmanları yoxlamadan 2-3 gün öncə kimsə aptekə qoymuşdur. Odur ki, əməli etiraf etməsinin və bir daha belə əməllərə yol verməyəcəyinin nəzərə alınaraq aşağı həddə inzibati cərimə olunmasını xahiş etmiş, həmin cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (əməkdaşı) Nümayəndə3 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, yoxlama zamanı sözügedən dərmanlar aptekdə olmuşdur. Müştəri qismində həmin aptekə daimi gələn şəxs dərmanları aptekə qoymuşdur ki, atasına məxsus dərmanların əvəzində başqa dərman götürsün, dərmanların sayı az olduğundan bir nəfər şəxs üçün nəzərdə tutulmuşdur. Aptekin anbarında kondisioner olmasa da, aptekdə başqa otaqda böyük həcmli kondisioner var, bu isə aptekdə dərmanların sərin vəziyyətdə saxlanılmasına kifayət edir. Odur ki, texniki məsələ olduğundan iş üzrə icraata AR İXM-in 452.3-cü maddəsi hissəsində xitam verilməsini, Nümayəndə3 AR İXM-in 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq həmin maddə ilə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, yoxlama zamanı Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən aptekdə aparılmış plan üzrə (növbəti) yoxlama zamanı aptekdə “Tegretol CR”, 200 mg tablet №20, “Beloc ZOK” 25 mg tablet №20, “Prednol” 4 mg tablet №20, “Prednol” 16 mg tablet №20 və “Atarox” 2 mg/ml 200 ml №1 syrup adlı dərman vasitələri qeydiyyatsız olduğu, aptekin müdir otağının, sarğımaterial otağının və anbarda kondisionerin olmadığı faktları aşkar edilmişdir. Sözügedən dərman vasitələrinin, yoxlama aktında qeyd edilən otaqların və anbarda kondisionerin olmamasını əks etdirən fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Yoxlama xx.xx.2025ci il tarixdə keçirilmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, yoxlama zamanı sözügedən dərman vasitələri orada olmuş, həmçinin aptek təşkilatlarına dair tələblər pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən aptekdə aparılmış plan üzrə (növbəti) yoxlama zamanı aptekdə “Tegretol CR”, 200 mg tablet №20, “Beloc ZOK” 25 mg tablet №20, “Prednol” 4 mg tablet №20, “Prednol” 16 mg tablet №20 və “Atarox” 2 mg/ml 200 ml №1 syrup adlı dərman vasitələri qeydiyyatsız olduğu, aptekin müdir otağının, sarğı-material otağının və anbarda kondisionerin olmadığı faktları aşkar edilmiş, fakt əsasında Azərbaycan Respublikası İXMnin 452.3 və 221.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1nin baş direktoru tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1036/2025 nömrəli qərarına əsasən Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən aptekdə aparılan planlı (növbəti) yoxlama zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 208-lllQ nömrəli Qanunu, maddə 4.8, 6.1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli Qərarı, 3 nömrəli əlavəsinin tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. -KY252357248 saylı, xx.xx.2025-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan” görünür ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1036/2025 saylı qərarından görünür ki, Şəxs MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən əczaçılıq təşkilatının xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə fəaliyyətinin yoxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-1/2-29657/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsi xx.xx.2025-xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsi tərəfindən plan üzrə (növbəti) nəzarət yoxlamasının aparılacağı barədə məlumatlandırılmışdır. -29 noyabr 2019-cu il tarixli, İNİL-1204/2010/703 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Şəxsnə ünvan 2 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. -İş materiallarına ünvan 2 ünvanında yerləşən aptekə dair fotoşəkillər, əczaçı Nümayəndə3 məxsus şəxsiyyət vəsiqəsinin, diplomun, sertifikasiya şəhadətnaməsinin, əmrdən çıxarışın surətləri və xx.xx.2015-ci il tarixli əmək müqaviləsi əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü bəndinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır. 6.1-ci maddəsinə əsasən Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və dərman maddələrinin nümunələrini Azərbaycan Respublikasının ərazisinə dərman vasitələrinin ekspertizası üçün bu Qanunun 6.8-ci maddəsində nəzərdə tutulan qaydalar ilə müəyyən edilən miqdarda, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası üçün isə bu Qanunun 6-2.2.9-cu maddəsində göstərilən miqdarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dərman vasitələrinin ixtiraçısı, istehsalçısı və ya topdansatış əczaçılıq müəssisəsi idxal edə bilər. Bu zaman dərman vasitəsinin və dərman maddəsinin dərman vasitələrinin ekspertizası əsasında dövlət qeydiyyatına alınması üçün dərman vasitələri ixtiraçısı, istehsalçısı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə dərman vasitəsinin dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında dövlət qeydiyyatına alınması üçün isə dərman vasitələri ixtiraçısı, istehsalçısı, topdansatış əczaçılıq müəssisəsi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizəçi kimi müraciət edir. “Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət reyestrinin aparılması qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 1.2-ci maddəsinə əsasən dərman vasitələri (orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər), dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri və tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələri); dərman maddələri; risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələri dövlət qeydiyyatına alınır. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən dərman vasitələri, habelə dərman maddələri bu Qaydaların 1.7-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası”nın tələbləri nəzərə alınmaqla ekspertizası həyata keçirilir və bu ekspertizanın nəticələrinə uyğun olaraq dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən dərman vasitələri, dərman maddələri və tibb vasitələri Qanunun 6.14-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və Azərbaycan Respublikasının ərazisinə idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə icazə verilir Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, şahid ifadəsi və inzibati xata haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə tam olaraq təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMCyə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixdə, saat 12:15-də aptek təşkilatlarına dair tələblərin pozulması (aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olmaması və dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, saxta, yararlıq müddəti bitmiş dərman vasitələrinin istehsalı, satışı və ya satış məqsədi ilə saxlanması həyata keçirilməsi) faktı müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin Şəxs nümayəndələri isə sonuncu məhkəmə iclasında əməli etiraf etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 452.3 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hüquqi şəxs Şəxs nümayəndələri tərəfindən əməlin etiraf edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, əməlin etiraf edilməsi kimi məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 452.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İXM-in 221.1-ci maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri (20 ədəd 200 mg “Tegretol CR”, 20 ədəd 25 mg “Beloc ZOK”, 20 ədəd 4 mg “Prednol”, 20 ədəd 16 mg “Prednol” və 1 flakon (2 mg/ml) “Atarox” markalı) müsadirə edilməklə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar