Məhkəmə qərarları › İş №3(125)-419/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-419/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-419/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakları ilə, X1 Gəncə şəhər Kəpəz yol patrul xidməti polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Kəpəz yol patrul xidməti polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 21:12 radələrində mənə məxsus olan “KİA SİDD” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomaşınımla hərəkətdə olarkən Xətai prospekti, 52 ünvanında X6 İdarəsinin 2045 döş nişanlı, “** YP ***” dövlət qeydiyyat nişanlı polis avtomaşını idarə edən X6 əməkdaşları onu saxlamışlar. Ona demişdirlər ki, “niyə telefonla danışırsan?” O isə “telefonla” danışmadığını bildirmişdir. Telefonla danışmağına sübut kimi ona görüntünü təqdim etməsini istəmişdir. Onlar sübut kimi heç bir görüntü təqdim edə bilmədilər. Buna baxmayaraq, barəsində protokol tərtib edilərək ona cərimə yazmışlar. DYP əməkdaşlarının onun barəsində tərtib edilmiş protokolu və qərarı qanunsuz və əsassız sayır. O idarə etdiyi “KİA CEED” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhəri, X7 prospektində hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol verməmiş və nəqliyyat vasitəsi hərəkətdə olan zaman telefonla danışmamışdır. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə cərimə edilmişdir. X2 nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamadığını və ondan istifadə etmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəmə sorğu göndərməyinə baxmayaraq məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməmiş, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad edilməmişdir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Gəncə şəhər Kəpəz yol patrul xidməti polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Kəpəz yol patrul xidməti polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar