Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4197/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin nümayəndəsi, mütəxəssis X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin müdiri X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:03-də Gəncə şəhəri, Şəmkir avtovağzalı ərazisində aparılan yoxlama zamanı “Wolksvagen” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü müntəzəm marşrutlar üçün nəzərdə tutulmuş reysqabağı tibbi müayinədən keçmədən xəttə buraxılması aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin nümayəndəsi, mütəxəssis X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd olunan inzibati xətanın həqiqətən Şəxs tərəfindən törədildiyini, inzibati xəta haqqında protokolun “36.6 Med Referans” tibb məntəqəsi tərəfindən verilmiş arayış əsasında tərtib edildiyini bildirdi və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, onun həmin gün, yəni xx.xx.2024-cü il tarixdə reysqabağı tibbi müayinədən keçmədiyini təsdiq edən heç bir sənəd yoxdur, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin müdiri X3 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “36.6 Med Referans” tibb məntəqəsi tərəfindən verilmiş arayışdan görünür ki, **-ER-*** dövlət qeydiyyat nişanı olan avtonəqliyyat vasitəsinin sürücüsü xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək tibbi müayinədə iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024cü il tarixdə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinə nəzarət məqsədi ilə Gəncə şəhəri ərazisində aparılan yoxlama zamanı vəzifəli şəxs Şəxs istismarında olan marşrut xətti üzrə işləyən nəqliyyat vasitələrinin qanunvericiliyə əsasən reysqabağı tibbi müayinədən keçmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarının araşdırılması zamanı işin faktiki halları onu göstərir ki, protokol tərtib etmiş orqanın nümayəndəsi inzibati xəta haqqında protokolun “36.6 Med Referans” tibb məntəqəsi tərəfindən verilmiş arayış əsasında tərtib edildiyini bildirmiş, həmin arayışda isə **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tibbi müayinədə iştirak etmədiyi qeyd edilmişdir. Lakin inzibati xəta haqqında protokol və akt xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin isə həmin tarixə reysqabağı tibbi müayinədən keçməməsini təsdiq edən hər hansı mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. O cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin gün tibbi müayinədən keçmədiyini təsdiq edən sənədin olmadığını və belə olan halda İXM-nin müddəalarına və prinsiplərinə əsasən onun əməlində inzibati xəta tərkibinin olmadığını qeyd etmişdir. Məhkəmə işin faktiki hallarını, həmçinin iş üzrə hər bir sənədi və sübutu hərtərəfli, obyektiv və müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında iş üzrə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan əvvəlki günlərə aid tibbi müayinənin nəticələri əsasında inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənmiş, o cümlədən qeyd edilən inzibati xəta haqında protokolda və tərtib edilmiş aktda tibbi müayinə ilə bağlı əvvəlki tarixlərə istinad etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İXM-nin tələbinə əsasən inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslığı ilə bağlı mötəbər sübutları təqdim etmək vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4197/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4197/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver