Məhkəmə qərarları › İş №3(125)-4207/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4207/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4207/2025 31.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işəgötürən X2 (VÖEN – **********) - ofisiant işləyən, Gəncə şəhər, Fərhad Əliyev küçəsi, ev 7, mənzil 24də qeydiyyatda olmaqla Gəncə şəhəri, Atatürk prospekti ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhəri ərazisində ucadan nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş və ondan sakitləşməsini tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, Narkoloji Dispanserdə ondan alınan analiz zamanı “THC” marixuana istifadə etməsi məlum olmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, Təhqiqat bölməsinin qərarı əsasında aparılan araşdırma zamanı Şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat verməkdən imtina etmişdir. Şəxs Gəncə şəhər BPİ-in CAİ-nin əməkdaşlarına müqavimət göstərmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək Şəxs barəsində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, İnstagram” sosial şəbəkə platformasında yazdığı kommentariya ilə əlaqədar polis əməkdaşları tərəfindən İdarəyə dəvət olunmuş, könüllü formada İdarəyə getmişdir. Bunu İdarənin videokamerasından, həmçinin onu İdarəyə dəvət edən polis əməkdaşı ilə olan telefon danışıqları sübut edir. Həmin kommentariyada söyüşdən istifadə etməmişdir. İdarədə izahat verməmiş, bundan sonra Narkoloji Dispanserə aparılmış, sidikdən analiz vermiş, lakin analizin cavabı ona nə göstərilmiş, nə də təqdim olunmuşdur. Analiz verdikdən sonra otaqdan kənarlaşdırılmış, həkimlər tərəfindən polis əməkdaşı ilə söhbət aparılmış, bu isə onda şübhə doğurmuşdur. Rəylə məhkəmə iclasında tanış olmuşdur, lakin rəyə etiraz edir, təkrar analiz vermək istəyir. Gözündə qızarıqlıq olmamış, ümumiyyətlə bugünədək narkotik vasitələrdən istifadə etməmişdir. Heç kim tərəfindən saxlanılmamış, ya da heç kimi təhqir etməmişdir. Polisə ümumiyyətlə müqavimət göstərməmişdir. Sonda məhkəmədən yenidən araşdırma aparılmasını, həmçinin yenidən analiz verilməsinin təmin edilməsini, telefon danışıqları və videogörüntülərə baxılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in CAİ-in baş əməliyyat müvəkkili, polis mayoru X7 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə “İnstagram” sosial şəbəkə platformasında paylaşımın kommentariya hissəsində yığdığı bəyənilərlə ön planda olan Şəxs tərəfindən yazılmış müxtəlif dövlət orqanlarının vəzifəli şəxsləri və onların ailə üzvlərini təhqir edən kommentariyaya rast gəlmişlər. Həmin profil istifadəçisinin şəxsiyyəti müəyyən edilmiş, onun Şəxs olduğu aşkar edilmişdir. Qeyd edilən məsələ ilə bağlı Şəxs Gəncə şəhər BPİ-yə dəvət edilmiş, əvvəla Şəxs gələ bilməyəcəyini demiş, lakin sonradan Şöbənin qabağına gəlmiş, çağırılmasının səbəbini soruşmuşdur. Bu zaman ona həmin paylaşımla bağlı çağırıldığını bildirəndə “yaxşı etdiyini” demiş və nalayiq ifadələrdən istifadə etmişdir. Gözü qızarmış olduğundan ondan spirtli içki içib-içməməsi soruşulmuş, o, cavabında içmədiyini bildirmişdir. Sərxoşluğun əlamətləri hiss olunduğundan İbrahimov X1 Dispanserə aparılmış, analiz verdiyi zaman THC (marixuana) istifadə etdiyi aşkar olunmuş, bundan sonra Şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in CAİ-in əməliyyat müvəkkili, polis leytenantı X4 ifadəsində bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə yazdığı kommentariya ilə əlaqədar Gəncə şəhər BPİ-yə dəvət edilmiş, şöbənin qarşısında polisin və dövlət strukturlarının ünvanında nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət edilsə də, polisə müqavimət göstərərək qanunsuz əməllərini davam etdirmiş, qaçmaq istəmişdir. Şəxs gözlərində qızarıqlıq olduğuna görə analiz verilməsi üçün Narkoloji Dispanserə aparılması bildirilmiş, bu zaman xidməti avtomobilə minərkən yenidən tabesizlik göstərmişdir. Hüseyn Saləddin oğlu analiz verdiyi zaman THC (marixuana) istifadə etdiyi aşkar olunmuş, bundan sonra Şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-yə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -30 oktyabr 2025-ci il tarixli, 4600/2025 nömrəli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. -“İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1726 nömrəli rəydən görünür ki, Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar