Məhkəmə qərarları › İş №3(125)-4219/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4219/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4219/2025 03.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 4-cü Polis bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 4-cü Polis bölməsində nəlayiq ifadələr işlədərək iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər 4-cü Polis bölməsinin sahə rəisi X4 çıxışında bildirmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud prospektində yerləşən inzibati ərazidə yerləşən çayxanada səs-küy olmasına görə yaxınlıqda yaşayan sakinlər dəfələrlə narazılıq edirlər. Həmin çayxananı icarədarı isə X3r. Şəxs da həmin çayxanada işləyir. Təxminən 15 gün bundan öncə səs-küyə görə sakinlər yenə zəng edib narazılıq etdiyi üçün S.Mədətov və tanışı Şəxs Gəncə şəhər 4-cü PB-nə tərəfindən çağırılmışdır. O, vətəndaşları xidməti otaqda dindirərkən S.Mədətov və Şəxs ona bildirmişlər ki, “Sən kimsən ki, həmin ərazidə çayxananı yoxlayırsan? Mən qaziyəm, səni məhv edərəm, səni həmin ərazidə görməyim” deyərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. O, həmin şəxsləri sakitləşdirməyə çalışsa da sonuncular öz əməllərini davam etdirmişdirlər. İfadəsinin sonda protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, Vətən Müharibəsi iştirakçısıdır, İİİ qrup əlildir, həmçinin şəhid qardaşıdır. O, qeyd etmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud prospektində Semur Mədətov ilə birgə çayxana işlədir. Sahə rəisi E.Kazımov isə onu dəfələrlə narahat etmişdir, xidməti otağına çağırmışdır. Buna görə E.Kazımovla arasında mübahisə yaranmışdır. Mübahisə zamanı polislər onu döymüşlər. O, polislərə qarşı hər hansı tabesizlik göstərməmişdir. Hazırda isə döyüldüyü üçün polislərdən şikayətçi olduğunu bildirmişdir. Sonda isə işə obyektiv baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X1 çıxış edərək bildirmişdir ki, dəfələrlə yaxınlıqda yaşayan sakinlərin Gəncə şəhəri, Dədə Qorqud prospektində yerləşən inzibati ərazidə yerləşən çayxanada səs-küy olmasına görə şikayət etmişlər. Həmin gün o, bölmənin inzibati binasında səs-küyə çıxmış və polis əməkdaşlarının pilləkənin başında Şəxs və Semur Mədətovu nizam-intizama dəvət etdiklərini və sonuncuların isə ucadan nəlayiq ifadələr işlətdiyini görmüşdür. Bundan sonra Şəxs və S. Mədətov əl-qol atıb tabesizlik göstərdiyinə görə polis əməkdaşları həmin vətəndaşlara qarşı fiziki güc tətbiq etmişlər. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan, həmçinin sahə rəisi X2 və şahid ifadəsindən görünür ki, o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bununla da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun polisin qanuni tələblərinə tabesizlik göstərməsini təsdiq edən mötəbər sübutlar-video görüntü, səs yazısı və sair iş materiallarına əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, lakin onun polisin qanuni tələblərinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, səs yazısı) təsdiq edilmir, onun həqiqətən də onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs vətən müharibəsinin iştirak etməsini və İİİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarinda cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar