Məhkəmə qərarları › İş №3(125)-423/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-423/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-423/2023 17.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 228-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" QSC tərəfindən Gəncə şəhərinin inzibati ərazisində, Bakı-Qazax avtomobil yolunun sağ hissəsində aparılan yol tikintisi işləri zamanı yaxınlıqdakı dövlət mülkiyyətində olan torpaq sahəsindən heç bir hüquqi icazə sənədi olmadan yerin təkindən qanunsuz istifadə edilmişdir. Bu barədə "xxxx" QSC barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 tərəfindən 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd edilən əməlin həqiqətən də "xxxx" QSC tərəfindən törədildiyini bildirdi və həmin hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X6 inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın "xxxx" QSC tərəfindən törədilməsini etiraf edərək, bildirdi ki, hüquqi şəxs tərəfindən təbiətə vurulmuş ziyan, yəni 15679,44 manat zərər hüquqi şəxs tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Buna görə də hazırki inzibati xəta haqqında protokol üzrə isə barələrində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" QSC tərəfindən İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 77473 nömrəli aktdan görünür ki, "xxxx" QSC tərəfindən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə edilməsinə görə inzibati xətanının törədildiyi yerə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və aktlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən yerin təkindən qanunsuz istifadə nəticəsində təbiətə dəymiş hesabat cədvəlinin surətindən görünür ki, təbiətə dəymiş ziyanın məbləği 15679,44 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" QSC tərəfindən dövlət büdcəsinə 15679,44 (on beş min altı yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası hissəsində təbiətə dəymiş ziyanın ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Məhkəmə araşdırması zamanı "xxxx" QSC-nin icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməsi müəyyən edilmişdir. Bununla da "xxxx" QSC tərəfindən İXM-in 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin hallarını, inzibati xəta nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsini, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə inzibati tənbeh kimi həmin maddədə nəzərdə tutulmuş aşağı həddə cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********, hüquqi şəxsin ünvanı - Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 79A) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar